Şəhidlərimizin bizlərə əmanət etdiyi anaların yeganə arzusu
Posted on : qafqaz 10/16/2017 1:00:23 PM
Şəhidlərimizin bizlərə əmanət etdiyi anaların yeganə arzusu
Heç bir vəchlə
bir ömür övlad həsrəti ilə yaşayacaq şəhid analarını və atalarını unutmaq
haqqımız yoxdur. İmkan və zaman olduqca onlara baş çəkməli və dərdlərinə şərik
çıxmalıyıq. Əks halda nə tarix bizi bağışlayacaq, nə də ki, Allah
Artıq bir ilə
yaxındır ki, İslaminSesi İnformasiya Portalı olaraq “Şəhid Haqqı” layihəsi çərçivəsində
bir neçə şəhid ailəsi ilə görüşüb, şəhid övladlarının qəhrəmanlıqları, cəmiyyət
üçün gizli qalan üstün tərəfləri, şəxsi keyfiyyətləri və qəhrəmanlıqları haqqında
informasiya toplayıb cəmiyyətə təqdim edirik.
Sözügedən ailələrin
böyük əksəriyyəti sosial təminat baxımından yüksək olmayan ailələrdir ki, özlərinin
halal zəhmətləri ilə ailələrini dolandırırlar. Məhz həmin halal zəhmətin nəticəsi
idi ki, bu gün övladları şəhidlik mərtəbəsinə yüksəldilər. Əslində bu vətən
varoluşuna və mövcudluğuna görə onun uğrunda canlarını və qanlarını fəda etmiş
pak, şəxsiyyətli, ləyaqətli, mərd və fədakar övladlarına borcludur. Heç vaxt vətən
və torpaq kimi müqəddəs dəyərlər ləyaqətsiz insanlara görə var olmayıb. Əgər Azərbaycan
adlı bir məmləkət varsa o deməkdir ki, bu xalqın tarixən Allahverdi Bağırov,
Əliyar Əliyev, Mübariz İbrahimov, Çingiz Qurbanov və digər qəhrəmanlar kimi mərd
övladları olubdur.
Məni bu yazını
qələmə almağa vadar edən səbəb isə bir neçə müddətdir ki, sosial şəbəkələrdə şəhid
ailələrinin və qazilərinin acınacaqlı durumundan, onlara qarşı edilən
laqeydlikdən bəhs edən görüntülər oldu. Xüsusilə dünən blogger Mehman
Hüseynovun Zərdab rayonundan olan aprel şəhidi Nurlan Abdullayevin ailəsində
hazırladığı videoreportaj ürəyimi dağladı. Təbii ki, şəhid ailəsinin Zərdab
Rayon İcra başçısının “uğurlu fəaliyyəti” nəticəsində köhnə və uçuq daxmada
yaşaması insana pis təsir etsə də, əziz anamızın müsahibə zamanı gözləntisi və
istəyi isə adamın daha çox içini yandırır. Əslində bu günə qədər görüşlərində
olduğumuz bütün şəhid analarının da ən çox istədiyi və gözləntisi də məhz Şəhid
Nurlan Abdullayevin anasının istəyi və gözləntisi olub.
Onların yeganə
istədikləri budur ki, min bir zəhmət və əziyyətlə böyüdərək vətən və torpaq
uğrunda qurban verdikləri övladlarına dəyər verilsin. Bu dəyər və diqqət pul və
madiyyatla qarşılanası bir şey deyil. Hətta istəsələr də belə heç bir pul və
maddiyatla bu dəyəri və diqqəti qarşılaya bilməzlər.
Onların istəyi
budur ki, cəmiyyət, xalq və hökumət olaraq hər kəs şüurlu formada onlarına
övladlarının haqlarını izhar etsinlər. İstəkləri budur ki, Zərdab rayonunun
icra başçısı Lütfəli Babayev kimi şəhid ailələrinə bivec yanaşan məmurlar
anlasınlar ki, əgər bu gün öz isti kreslolarında rahat oturub vəzifələrini icra
edirlərsə, buna görə onların övladlarına borcludurlar. Şəhid övladları bu
torpağı və vətəni qorumasaydılar nəyinki vətən, əslində bütün dəyərlərimizin
mövcudluğu sual altına düşmüşdü. Yəni hansısa məmur və ya səlahiyyətli şəxs
üçün bu qədər çətindirmi, ay və ya ildə bir dəfə 5-10 manatlıq bir hədiyyə ilə
gedib bala dağı görmüş bu ailələrə baş çəkib onların ürəklərini ovsunlamaq. Siz
əslində məmur olmamışdan qabaq, həm də insansız axı.
Cəmiyyət olaraq
da bizlərin boynuna ciddi məsuliyyət var. Heç bir vəchlə bir ömür övlad həsrəti
ilə yaşayacaq şəhid analarını və atalarını unutmaq haqqımız yoxdur. İmkan və
zaman olduqca onlara baş çəkməli və dərdlərinə şərik çıxmalıyıq. Əks halda nə
tarix bizi bağışlayacaq, nə də ki, Allah.
Çünki hər bir
xalqın və millətin vətən, qeyrət, namus, izzət və igidlik dəyərləri
varsa, bunlar hamısı bu dəyərlər uğrunda canlarını fəda etmiş şəhidlərə görədir.
İndi həmin şəhidlər bizlərin izzətli yaşaması üçün canlarını fəda edərək ailələrini
bizlər üçün əmanət ediblər. Əmanətə sahib çıxmağımız cəmiyyət olaraq hər
birimizin borcudur.
Xəyal Şükür