“Reuters”: “Əliyev ailə hakimiyyətini gücləndirir”
Posted on : qafqaz 10/16/2017 1:00:23 PM
Aleksandar Vasoviç, Marqarita Antidze, “Reuters” xəbər agentliyi
Azərbaycan prezidenti İlham Əliyev ailə hakimiyyətini gücləndirmək
məqsədilə xanımı Mehriban Əliyevanı özünün müavini təyin edib. Müxalifət liderlərindən
biri bunu “mütləq monarxiya quruculuğuna ilk addım” kimi dəyərləndirib.
İlham Əliyev Sovet dövründən Azərbaycanın idarəçiliyində
olan atası Heydər Əliyevin ölümündən sonra 2003-cü ildə prezidentliyə yiyələnib.
Mehribanın özü ölkənin ən varlı və nüfuzlu ailəsi, Paşayevlər ailəsindən gəlir.
“Mehriban Əliyeva çox professional, ağıllı, təcrübəli,
prinsipial və xeyirxah insandır. Azərbaycan xalqı onu çox sevəcəkdir”, – Əliyev
Azərbaycanın Təhlükəsizlik Şurasının toplantısında deyib.
Keçən il Azərbaycanın əsas ixrac malı neftin aşağı qiymətlərindən
dolayı milli valyutanın dəyərdən düşməsi, un kimi təməl qidaların qiymətinin
artması ilə İlham Əliyev hakimiyyəti sınağa çəkildi. Bakıdan kənar şəhərlərdə
üsyanlar baş qaldırdı, polis intizamı bərpa etmək üçün həbslərə getdi.
Dəbli geyimlərə marağı və ictimai tədbirlərdə qüsursuz
görünüşü ilə diqqət çəkən 52 yaşlı Mehriban Əliyeva parlament üzvü və
YUNESKO-nun xoşməramlı səfiridir. Ancaq onun indiyə qədərki ən mühüm vəzifəsi
Heydər Əliyev xeyriyyə fondunun sədrliyi olmuşdur.
O və onun ərinin iki böyük qızı və tələbə oğlu var.
O, rəsmi olaraq birinci vitse-prezidentlik vəzifəsini
daşıyacaq. Bu post keçən il konstitusiya dəyişikliyi sonrasında yaradılıb. Dəyişdirilmiş
konstitusiyada birinci vitse-prezidentin hansı öhdəliklərə yiyələndiyi göstərilməyib.
Etirazını bildirən müxalifət nümayəndələri bu təyinatı ailə
hakimiyyətinin səlahiyyətlərdən sui-istifadəsi kimi qiymətləndirir.
“Bu təyinat xalqa hörmətsizlikdir. Bu, ölkədə mütləq
monarxiya quruculuğuna ilk addımdır”, – müxalifət lideri Əli Kərimli “Reuters”-ə
deyib.
Avropa institutları və insan haqları orqanları Azərbaycan hökumətini
ifadə azadlığını məhdudlaşdırmaqda və ədalətli seçkilərin qarşısını almaqda
ittiham edir.
Azərbaycan rəsmiləri ittihamları qəbul etmir və deyirlər ki,
1991-ci ildə Sovetlər Birliyinin dağılmasından bəri bir çox konfliktlər görmüş
Cənubi Qafqazda yerləşən ölkə Əliyev idarəçiliyi dövründə inkişaf və stabillik
dövrü yaşamışdır. Ölkənin Dağlıq Qarabağ ərazisi “dondurulmuş” konflikt zonası
kimi nəzər nöqtəsindədir.
Mehribanın müasir incəsənət kolleksiyaları Azərbaycanın
paytaxtı Bakıda yerləşən yeni müasir incəsənət muzeyinin bazisini təşkil edir.
Onun ailəsi, Paşayevlərin banklar, sığorta şirkəti, tikinti,
səyahət şirkətləri, ölkədəki yeganə “Bentley” nümayəndəliyi də daxil olmaqla
böyük biznes maraqları mövcuddur. Onun bir neçə qohumu hökumətdə yuxarı
postlarda işləyib.
Konstitusiya dəyişikliklərinə görə, birinci
vitse-prezidentlikdən aşağı ranqlı daha bir vitse-prezidentlik postu da
yaradılıb. Bu posta heç kim təyin edilməyib.