“Eldar Mahmudov şəhərdə göründü” mesajının sirri...
Posted on : qafqaz 10/16/2017 1:00:21 PM
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun uzun müddətdən sonra Azərbaycanda görünməsi ilə bağlı yayılan xəbər müzakirə olunan məsələlərdəndir.
Eldar Mahmudovun personasına maraq bu xəbərin geniş
yayılmasına səbəb olub. Məlumatda iddia olunur ki, 2016-cı ilin dekabrında
Eldar Mahmudovu Rusiyanın Azərbaycandakı səfirliyi binası yaxınlığındakı yolda
“Porsche” markalı avtomobilin içərisində gedərkən görüblər.
Həmin vaxt avtomobili keçmiş nazirin oğlu Anar Mahmudov idarə
edirmiş, özü isə ön oturacaqda əyləşərək, söhbət edirmiş. Hətta, Eldar Mahmudov
avtomobillə gedərkən, yolda rastlaşdığı keçmiş polis tanışlarından birinə də
salam verib. Avtomobildə ötəri söhbət edən Eldar Mahmudov daha sonra deyib ki,
hər şey normaldır, heç bir problemi yoxdur.
Bu söhbətin ortaya çıxmasından sonra bir çoxları əminliklə
Eldar Mahmudovun həbs edilməyəcəyini deyirlər. Bildirirlər ki, Eldar Mahmudovun
şəhərdə maşında gəzməsi, köhnə tanışları ilə salamlaşıb “hər şeyin normal
olmasını” söyləməsi düşünülmüş addımdır. Bu yolla sabiq nazir vaxtilə ətrafında
olmuş, hazırda da vəzifədə olan şəxslərə mesaj yollayır. Özünün toxunulmaz
olduğunu bu cür fəndlərlə cəmiyyətə ötürür. Və bu xəbərin də mediaya çıxmasında
onun özünün də maraqlı olduğu qeyd edilir.
Sitat: “Gununsesi.info saytını bilgiləndirən mənbə iddia
edib ki, ”...sabiq MTN şefi yaxın dostu olan “AGBank”ın Müşahidə Şurasının sədri
Çingiz Əsədullayevin oğlunun toy məclisində olub. Toy şənliyi “Böyük Saray”
adlı şadlıq sarayında təşkil olunub. Qonaqlar arasında əyləşən Eldar Mahmudov
toyda təbrik nitqi söyləməyib. Təxminən 2 saata yaxın məclisdə oturan sabiq
nazir Çingiz Əsədullayev tərəfindən avtomobilinə qədər yola salınıb".
Sabiq nazirin ölüm xəbəri mətbuatda yer alıb və geniş
müzakirələrə səbəb olur. Bu xəbərlərin yayılması bir neçə məqsədə xidmət edə
bilər.
Mümkündür ki, xəbərləri Eldar Mahmudova yaxın çevrələr dövriyyəyə
buraxsın. Bu halda xəbərin yayılması şantaj xarakteri də daşıya bilər.
Başqa bir versiya Eldar Mahmudovun ölüm xəbərinin ardında
toyda, sonradan şəhərdə görünməsi xəbərinin “ildırım sürəti” ilə yayılması
sabiq nazirin özünü qorumasına xidmət edir.
Ölüm xəbərinin də geniş yayılması sabiq nazirin fiziki
olaraq aradan götürülməsində maraqlı olan qüvvələrin marağından kənar deyil.
Mümkündür ki, belə xəbərləri yaymaqla əvvəlcədən ictimai rəy formalaşdırsınlar
və ardından da bu məlumat gerçəkləşsin.
E.Mahmudov belə xəbərlərin hansı “mətbəxlərdə və necə
hazırlandığını” bilməmiş deyil. Odur ki, özünün sağ- salamat olduğunu diqqətə
çatdırmaq üçün “toy məclisinə qatıldığını”, “şəhərdə gəzdiyini” mətbuata özünün
adamları vasitəsi ilə ötürür.
Bir versiya da istisna deyil; belə xəbərləri kimlərsə
sensasiya yaratmaq və oxucu qazanmaq naminə gündəmə gətirir./musavat/