header

 İmam Hüseynlə (ə) gedənlər və qalanlar

Hindistanın dünya şöhrətli dövlət xadimi Qandi İmam Hüseyni (ə) özünə ideal saydığını deyib.

İmam Hüseyn (ə) qiyama başlayanda Kufədə ən azı 100 min Əhli-beyt (ə) aşiqi döyüşçü libası geymişdi. Məkkə, Mədinə, Bəsrə kimi böyük şəhərlərdə hara baxsaydın döyüşçü görərdin. Bu insanları meydana çəkən bir tərəfdən Yezidin zülmü, digər tərəfdən İmam Hüseynin (ə) ilahi məqamı idi. Heyrətamizdir ki, bu yüzminlik ordudan sayı yüzə çatmayan kiçik bir qrup İmam Hüseynlə (ə) sonadək qaldı. Bu acı həqiqətə münasibətdə iki sual yaranır. Biri budur ki, bu böyük cəmiyyət nə üçün İmamı tək qoydu? İkinci sual budur ki, bu çoxluğun kənara çəkildiyi bir zamanda İmam Hüseynlə (ə) çiyin-çiyinə ölümün gözünə dik baxanların hansı xüsusiyyətləri var idi?

Aşura qiyamının səciyyələrindən biri onun əzəməti idi. İmam Hüseyn (ə) və onun yoldaşları Yezid qoşunu tərəfindən təhqir olundu, Şimr, Hərmələ, Əmr ibn Həccac kimi alçaq şəxslər tərəfindən zərbə aldı. Onların ailə-övladları üzücü bir tənhalıqla əsir götürüldü. İmam Hüseyn (ə) yoldaşları ilə namaza dayananda Kufə qoşunundan belə sözlər eşidilirdi ki, sizin namazınız qəbul deyil. Bu qoşun İmam və onun yoldaşlarını kafir adlandırırdılar. Amma Aşura gününün səhərindən başlayaraq İmam Hüseyn (ə) və yoldaşlarının izzəti yüksəlməyə başladı. Həmin hadisədən 1400 il ötəndən sonra bütün dünya Hüseyn (ə) və yoldaşlarını azadlıq yolunun şəhidləri kimi tanıyır.

Hindistanın dünya şöhrətli dövlət xadimi Qandi İmam Hüseyni (ə) özünə ideal saydığını deyib. Aydın məsələdir ki, bu sevgi İmam Hüseynin (ə) döyüş gücü ilə bağlı deyil. Əməvilər və Abbasilər dövründə daim Əhli-beyt (ə) və onların səhabələrinə qarşı əks-təbliğat aparılıb. Bu insanları dünyaya tanıtdırmaq üçün heç bir təbliğat aparılmayıb. Kərbəla şəhidləri yalnız öz müqavimətləri, həqiqətə bağlılıqları sayəsində tanınıblar. Bu hadisə elə bir zamanda baş verib ki, dünyapərəstlik cəmiyyəti süquta uğratmaqda idi.

Bu gün biz Əhli-beyt (ə) aşiqləri üçün ən mühüm məsələlərdən biri İmamla sona qədər gedənlərdə hansı xüsusiyyətlərin olmasını bilməkdir. Biz zülmlə mübarizə şüarları verir, özümüzü Kərbəla davamçısı sayırıq. Hər birimizi qarşıda İmam Mehdinin (ə) böyük inqilabı gözləyir. Böyük faciələrlə müşayiət olunacaq həmin qiyamda İmamla sona qədər gedə biləcəyikmi? Kufə əhli də iddialı idi. İmama qoşulan 100 minlik ordudakı insanların böyük hissəsi müharibə görmüş, döyüş meydanından keçmişdi. Buna baxmayaraq yarıyoldan qayıtdılar. Bu tale yüklü bir sualdır.

İmam Hüseyn (ə) Bəni-Üməyyəyə qarşı mübarizə bayrağı qaldıranda İslam dünyasının müxtəlif guşələrində böyük və çoxsaylı alimlər var idi. Yəqubi İmamın qiyamı dövründə yaşamış alimlərin adını sadalayarkən Abdullah ibn Abbas, Abdullah ibn Ömər ibn Xəttab, Saib ibn Yəzid, Əbdür-Rəhman ibn Hatəb, Əbu Bəkr ibn Əbdür-Rəhman ibn Haris, Səid ibn Musəyyib, Ürvə ibn Zübeyr, Qasim ibn Məhəmməd ibn Əbu Bəkr, Übeydə ibn Qeys Səlmani, Rəbi ibn Xəsim Suri, Haris ibn Qeys Cöfi, Haris ibn Uməyr Zübeydi, Şəqiq ibn Sələmə, Əlqəmə ibn Qeys Xəsəmi, Şərih ibn Haris Kəndi kimi böyük fəqihlərin adını çəkir. Amma bu alimlər ordusundan Kərbəla meydanında bir nəfər də yox idi. Bu insanlar nəinki İmama kömək etmədilər, hətta bəziləri İmamın qiyamını şübhə altına aldılar. Bəziləri İmamı Kufəyə dəvət etdilər, amma Aşura günü onu tək qoydular. Əhnəf ibn Qeys kimi bəziləri dedilər ki, biz İmam Hüseynin (ə) yanında nə bir vali nə bir varlı nə də məhşur döyüşçü görürük. Bu bəhanə ilə İmama qoşulmadılar. Amma hamı gözəl bilirdi ki, Bəni-Üməyyə, o cümlədən Yezid İslamı məhv etmək qərarındadır və İmam Hüseyn (ə) dinin müdafiəsinə qalxıb.

İmamın aşiqləri sırasında bəziləri (məsələn Ömər ibn Əbdür-Rəhman Məxzumi, Abdullah ibn Cəfər) İmamla yoldaşlıq etmək əvəzinə onu bu yoldan saxlamaq istəyirdilər. Peyğəmbər dünyasını dəyişəndən sonra elə bir böhranlı durum yaranmışdı ki, haqqı batildən, xeyiri şərdən fərqləndirmək çətin olmuşdu. Nəinki sadə insanlar, hətta tanınmış şəxslər ya İmamın qiyamının haqlı olduğunu görmür, ya da bu qiyama qoşulmaqdan qorxurdular.

Bəs 100 minlik aşiq arasından çıxmış azsaylı Kərbəla şəhidlərini o birilərindən fərqləndirən nə idi. Bu insanlar zərrəcə tərəddüd etmədən düşmən qılınclarına qucaq açdılar. Kufədəki 100 minlik qoşunla şəhadətə gedən, Fatimə (s) övladına arxa duran insanların hansı xüsusiyyəti var idi?
Bəziləri düşünür ki, İmam Hüseynlə (ə) sona qədər gedənlərin dini biliyi başqalarından çox olub. Amma tarixi mənbələri araşdırdıqda görürük ki, Kərbəla şəhidlərinin əksərinin fərqli dini biliyi olmayıb. Əgər bu işdə elmin rolu olsaydı əsrin çoxsaylı alimlər ordusu Kərbəlaya toplanmalı idi. Acınacaqlı faktdır ki, Kərbəlada dövrün tanınmış fəqihlərindən bir nəfər də olmayıb.

İmam Hüseynin (ə) Suit ibn Ömər, Abəs ibn Əbu Şəbib, Bureyr ibn Xəzir, Ziyad ibn Ürəyb, Yezid ibn Həsin kimi səhabələri dövrün abid və zahid insanları idi. Aydın olur ki, Kərbəla şəhidlərini başqalarından fərqləndirən xüsusiyyətlərdən biri onların dini ayinlərə bağlılığı olub. Amma bu müddəa da birmənalı qəbul edilə bilməz. Çünki Kərbəla şəhidləri arasında Hürr, Züheyr, Səlman, Nafe kimi səhabələr Zahid kimi tanınmırdı. Həm də həmin dövrdə ibadəti ilə tanınan bir çox insanlar Kərbəla səfərinə çıxmamışdı. Hicri 60-cı ildə təkcə Həcdə olanlar İmama qoşulsaydılar Kufə əhli və başqalarına ehtiyac qalmazdı. Bu insanlar Həccə İmanına görə gəlmişdi. Amma həmin iman Kərbəlada şəhadət məqamına çatmaq üçün bəs etmədi. Belə bir ehtimal da var ki, bəziləri İmam Hüseynin (ə) qiyamından xəbərsiz qalıb. Yəməndə, İranda, Misirdə kimsə xəbərsiz qala bilərdi. Amma Mədinə, Məkkə, Kufə və Bəsrə kimi şəhərlərdə kiminsə bu qiyamdan xəbərsiz qalması mümkün deyil. İmam Hüseyn (ə) Mədinə valisi Vəlid ibn Ütbə ilə görüşdən sonra ailə-övlad, yaxınları ilə birlikdə Mədinədən Məkkəyə yola düşür, dörd ay Məkkədə siyasi fəaliyyət göstərir, Həcc mərasimi arası Məkkədən Kufəyə yola düşür. Bu zaman kəsiyində Hicaz və İraqda kiminsə İmamın qiyamından xəbərsiz qalması inandırıcı deyil. İmamın qiyamı o qədər məhşurlaşır ki, Kufə əhalisi ona məktub göndərib Kufənin qiyam mərkəzi seçilməsini istəyir. Bəsrə əhalisi də belə məktublarla İmama müraciət edir. Beləcə, Məkkə, Mədinə və ətrafda kiminsə bu qiyamdan xəbərsiz qalması istisna olunur.

Belə bir fikir irəli sürülür ki, Kərbəla şəhidləri hər biri İmam Hüseyni (ə) yaxından tanıyan şəxslər olub. Əgər kimsə ona qoşulmayıbsa sadəcə İmamı yaxşı tanımayıb. Bu söz də birmənalı qəbul edilə bilməz. Peyğəmbərin əziz nəvəsi ümmət arasında 60 il ömür sürmüşdü. Əli (ə) və Zəhra (s) övladının fəzilətləri dillərdə əzbər idi. Peyğəmbər səhabələri İmam Hüseynə (ə) xüsusi məhəbbət göstərirdi. Həzrət peyğəmbərin Hüseyn (ə) haqqındakı buyuruqlarını eşitməyən az adam tapılardı. İmam Hüseyn (ə) Siffeyn, Cəməl, Nəhrəvan döyüşlərində atası ilə çiyin-çiyinə döyüş meydanında olmuşdu. Hicaz və İraq əhalisi İmam Hüseyni (ə) çox gözəl tanıyırdı. Bunun dəlillərindən biri Məkkəyə daxil olan İmamın böyük izdihamla qarşılanması sayıla bilər. Hətta Abdullah ibn Zübeyr, xilafət iddiasında olan bir şəxs İmamın nüfuzunu görüb hər gün onun görüşünə gedirdi. O yaxşı başa düşmüşdü ki, nə qədər ki, İmam Məkkədədir kimsə ibn Zübeyrə tərəf baxmayacaq. Hətta İmam özü buyurub ki, bu şəxs üçün dünyada mənim Hicazdan çıxmağımdan əziz bir şey yoxdur. Bəli, Abdullah ibn Zübeyr İmam Hüseynə (ə) sevgiyə şahid idi.

İmam Hüseynə (ə) elə bir sevgi var idi ki, onun şəhadətə çatması ehtimalı dostlarını qorxuya salırdı. İmamın aşiqləri ehtiyatlanırdılar ki, qiyam yatırılsa İslam və müsəlmanlara böyük təcavüz həyata keçər. İmamın qiyam qərarında olduğu dövrdə onun nüfuzunu görən Bəni-Üməyyə öz rəftarlarına diqqət yetirir, dini qanunları açıq pozmaqdan çəkinirdi. İmamın dostlarından olan Abdullah ibn Muti israrla xahiş edirdi ki, İmam Kufəyə getməsin, Bəni-Üməyyəyə qarşı qiyamdan çəkinsin. Abdullah deyirdi: “Siz ərəbin ağasısınız, ərəb arasında sizə çatacaq bir şəxs yoxdur. Əgər Məkkədə qalsanız hər yerdən müsəlmanlar beyət üçün buraya axışacaq.” Abdullah düşünürdü ki, bu qiyam və İmamın şəhadəti İslam, Qüreyş və ərəbi hörmətdən salacaq. Abdullah öz dövründə dinin və Qüreyşin nüfuzuna böyük təsirə malik şəxslərdən idi. Beləcə hesab edə bilmərik ki, Kərbəla şəhidlərinin əsas xüsusiyyəti onların İmamı tanıması olub. Ən azı Hicaz və İraq əhalisi İmamı tanıyırdı və sevirdi. Buna görə də onu izdihamla qarşılayır, sevgilərini bildirirdilər. Fərəzdəq İmamı məlumatlandırarkən deyir: “Kufə əhlinin qəlbi sizinlədir, qılıncı Bəni-Üməyyə ilə.” Kərbəla şəhidlərindən olan Məcmə ibn Abdullah qiyamdan qabaq İmama belə söyləyir: “Bu insanların qəlbi sizinlə olsa da qılıncları sizə qarşı sıyırılacaq.” Göründüyü kimi İmamın çoxsaylı aşiqləri arasında təhlükədən uzaq olmaq məqsədi ilə kənarda qalanlar az olmadı. Demək, nə vilayət məqamının dərki, nə vilayət məqamına sevgi insanı vəfasızlıq və müxalifət təhlükəsindən qoruya bilməz.

Kərbəla şəhidlərinin həyatını səthi şəkildə nəzərdən keçirdikdə onların Kərbəla meydanında oxuduğu rəcəzlərə nəzər saldıqda bu insanlarda dörd sifət müşahidə edirik. Bu dörd sifəti onların şəhadətinin əsas amili kimi qəbul edə bilərik.

1.İmam Hüseynə (ə) misilsiz eşq

İmam Hüseynlə (ə) şəhadət meydanına gedənlərin əsas xüsusiyyətlərindən biri peyğəmbər övladına eşq olub. Bəli, İmamı tanıyanların əksəri onu sevirdi. Amma Kərbəla şəhidlərinin eşqini bu eşqlə müqayisə etmək olmaz. İmamın yoldaşları üçün ən önəmli iş onu razı salmaq idi. Aşura gecəsi İmam onlara üz tutaraq gecənin qaranlığından istifadə edib meydanı tərk etməyi tövsiyə edir. Səid ibn Abdullah Hənəfi deyir: “And olsun Allaha əgər bilsəm ki, öldürüləndən sonra dirildilib diri-diri yandırılacağam və tikə-tikə doğranacağam bu vəziyyət sizi qoyub getməkdən yetmiş dəfə əzizdir.” Züheyr deyir: “Ey kaş bu yolda öldürüləndən sonra bir daha dirilib bir daha öldürüləydim. Min dəfə öldürüləydim, amma sizin Əhli-beyt (ə) gənclərini ölümdən qurtaraydım. Beləcə İmam Hüseynin (ə) öz yoldaşlarına meydandan getməyi təklif etməsi birmənalı şəkildə qəbul edilmir. Sabahkı günün şəhidləri bir ağızdan deyir ki, biz sizdən ayrılmarıq, ölsək də əhdimizə sadiqik.

2.Şəhadətdən sonrakı xoşbəxtliyə dərin iman

Şəhadətə yol açan əsas xüsusiyyətlərdən biri insanın ilahi vədə dərin inamıdır. İnsan əmin olsa ki, şəhadətə çatmaqla xoşbəxt bir həyata qədəm qoyacaq, zərrəcə tərəddüd etmədən meydana girər. Aşura günü İmamın dostlarının oxuduğu rəcəzlərdə bu etiqada şahid oluruq. Bu insanlar dərin axirət inancı ilə ölümü özləri üçün asanlaşdırdılar. Oxlar və qılınclar bədənlərini parça parça etdi. Amma dodaqlarından təbəssüm əskik olmadı. Müslümlə birlikdə İmamın məktubunu Kufəyə aparan Əbdür-Rəhman Ərhəbi mühasirəyə alındıqları nizələr sinələrinə tuşlandığı zaman özünə deyir: “Behiştə daxil olmaq üçün qılınclar və nizələr qarşısında möhkəm dayan.” Bu sözlərdən aydın olur ki, Kərbəla şəhidləri şəhadətə xoşbəxt həyata pəncərə kimi baxırdılar. Amma 100 minlik aşiqlərin qəlbində dünya sevgisi kök atmışdı. Onlar dildə axirət desələr də dünya həyatından iki əlli yapışmışdılar. İbn Səd Rey hakimi olmaq üçün, Kufə başçıları qızıl-gümüşə çatmaq üçün İmamla baş-başa gəldilər. Hər şeyin maddiyyatla ölçüldüyü bir dövrdə İmam Hüseynin (ə) yaxınları dünya pərdəsindən axirəti görürdü. Bu xüsusiyyət onları öz müasirlərindən üstün etmişdi.

3.Nifaqı, batili, şəri düzgün tanımaq xüsusiyyəti

Kərbəla şəhidlərinin sözlərini araşdıranda şahid oluruq ki, onlar dinin gizli düşmənlərini, münafiqləri gözəl tanıyıb. Nafe ibn Hilal İmama xitabən deyir: “Ey peyğəmbər övladı! Yaxşı bilirsən ki, cəddin peyğəmbər öz eşqinə qəlblərdə yer tapıb insanları itaətə gətirə bilmədi. Münafiqlər ona üzdə gülsələr də qəlblərində kin vardı. Nəhayət Allah cəddim peyğəmbəri münafiqlərin arasından alıb apardı. Atan Əli (ə) də belə oldu. Bəziləri onunla yoldaşlıq etsə də bəziləri ölən günə qədər qəlblərində kin saxladılar. Bu gün sən də həmin vəziyyətdəsən. Kim beyəti pozdusa özünə zərər vurdu, Allah həmin şəxsdən ehtiyacsızdır. Nefenin sözlərindən aydın olur ki, o İmam Hüseyni (ə) də peyğəmbər (s) və Əli (ə) kimi ilahi rəhbər sayır. Nafenin nəzərincə ixlas meyarı təkcə söz yox, həmdə əməldir. Buna görə də Kufə şiələri əhdini pozanda Nafe tərəddüd etmədən onları peyğəmbər (s) və Əlinin (ə) dövründəki münafiqlərə bənzədir.

4.İmamın düşməni ilə düşmənçilik

İmam Hüseynlə (ə) şəhadətə gedənlərin başqa bir xüsusiyyəti Əhli-beyt (ə) düşmənlərini düşmən saymaqları olub. Onlar heç bir vəchlə Bəni-Üməyyə ilə sazişə getməzdilər. İmama beyətlərində deyirdilər: “Siz kimi dost sayırsınızsa biz də onu dost sayırıq. Siz kimi düşmən sayırsınızsa biz də onu düşmən sayırıq. Müslim ibn Əvsəcə deyir: And olsun Allaha əgər nizəm sinələrində sınsa qılıncımla o qədər vuraram ki, əlimdən yerə düşsün. Amma sizdən ayrılmaram. Əgər döyüşməyə silahım olmasa sizin hüzurunuzda onları daşlayaram.” Bu xüsusiyyət İmamın yoldaşlarına elə bir əzm vermişdi ki, sinələri paralandığı bir vəziyyətdə də düşmənin üzərinə gedir, ayaq saxlamırdılar. Bütün bunlar zahirdə məğlub olan aşiqlərə dünya şöhrəti gətirdi, onları axirətdə izzətə çatdırdı.

Hindistanın dünya şöhrətli dövlət xadimi Qandi İmam Hüseyni (ə) özünə ideal saydığını deyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap