Ayətullah Amuli: Quran bütün dinlərin sözünü dinləməyə çağırıb
Posted on :
Əqidələr
10/16/2017 12:59:32 PM
Ayətullah Cavad Amuli "Zumər" surəsinin 18-ci ayəsinin təfsirində maraqlı məqamlara toxunub: "Bu ayədə Uca Allah araşdırmaçılardan və alimlərdən bütün məktəblərin sözlərini və fikirlərini dinləmələrini, bunların içindən ən gözəl olanı seçmələrini istəmişdir."
Ayətullah Cavad Amuli ayələrdə keçən
ixlas anlayışına işarə edərək belə deyib: "Bu ayələrdə müşriklərə isnad
edilmiş ixlas, onların bütpərəstlikdə göstərdikləri səmimiyyətə
işarədir. Yoxsa onların bəzi vaxtlar müsbət mənadakı ixlası
göstərdiklərindən bəhs etmir. Ayə bunu deyir: "Müşriklər ixlasla
Allahdan başqasına tapınırlar və Allahdan başqa tapındıqları şeyə ibadət
mövzusunda xalisdirlər. Əlbəttə bu, onlarda riyakarlıq olmadığı
mənasını vermir. Müşriklər də bəzən özlərini daha yaxşı bütpərəst
göstərmək meylinə girərək, riyakarlıq edə bilirlər. Buna görə də bu
ayələrdə dörd dəfə təkrarlanmış ixlas bu mənada deyil ki, Peyğəmbər,
"mən nümayiş üçün və eşitsinlər deyə iş görmürəm" desin. Çünki belə bir
şeyin Peyğəmbərə aid olması mümkün deyil. Peyğəmbər (s) durduğu mövqeyə
görə nə əzab qorxusu ilə, nə də cənnət arzusu ilə Allaha qulluq etmir.
O, Allah üçün Allaha qulluq edir. Buradan biz də dərs çıxarmalı və
ibadəti yalnız Allah üçün etməliyik. O ibadət edilməyə layiq olduğu üçün
ibadət etməliyik.
Peyğəmbər (s) Allaha qulluqdakı ixlasını
elan etdikdən və Allaha "Allah" olduğu üçün ibadət etdiyini ifadə
etdikdən sonra müşriklərə xitab olaraq belə deyir: "Sizlər sərbəstsiniz,
əlbəttə şəri baxımdan deyil, yaratmaq baxımdan sərbəst və azadsınız,
istədiyinizi edə bilərsiniz, bu dünyada istədiyinizə tapına bilərsiniz.
Lakin yoldan çıxdığınız təqdirdə özünüz, yoldaşınız və uşaqlarınızın
sərmayəsini itirəcəksiniz. Qiyamətdə sizin üçün yığılan nemətləri və
cənnəti itirəcəksiniz. Bu vəziyyətdə sizlər ziyan edənlərdən
olacaqsınız. Dünya ticarətində Allah ilə rəftar etmədiniz, şeytanla
rəftar etdiniz və itirdiniz. İnsan əgər dünyada Allah ilə ticarət etsə,
həm ödənən əvəz, həm də alınan əmtəə ikisini də əldə etmiş olar.
Şeytanla ticarətdə isə bunun tərsi olar; yəni ödənən əvəz də, alınan
qarşılıq da hər ikisini şeytana verilmiş olar. Çünki şeytan insanı özünə
kölə edər və onu dilədiyi şəkildə istifadə edər."
Uca Allahın insanları bütün məktəblərin
və dinlərin sözlərini eşitməyə çağırdığına diqqət çəkən Ayətullah Amuli
belə danışıb: "Bütün sözləri dinləyib bunların içərisindən ən gözəl
olanı seçən kimsəyə bu ayədə Uca Allahın müjdəsi var. Bu səbəbdən
fanatizm İslamın mübarizə apardığı mənfi bir məfhumdur. Quran daim bizi
tərəqqi etdirəcək və yüksəldəcək üsullara istiqamətləndirir və bunu
söyləyir: Bütün məktəblərin sözlərini dinləyin, üzərində düşünün;
alıb-verəcəyini müqayisə edin, yaxşıca ələkdən keçirin və ən gözəl olanı
seçib, onunla əməl edin və irəliyə gedin."