header

 Rüşvətə bulaşan ehsan

Və ya necə oldu ki, azərbaycanlılar ən gözəl işi ən çirkli işə bulaşdırdılar?

“Ehsan” sözü klassik ərəbcədə “həsənə”, yəni gözəllik, xeyirxahlıq, yaxşılıq mənasındadır. Quranda dəfələrlə müsəlmanlar xeyir işlər görməyə (oxu: ehsan etməyə) çağırılır. Ehsan etmək bir yaxşı söz deməkdən başlamış çox çeşidli mənalarda işlənə bilir. Amma təbii ki, bu mənaların yalnız bir Azərbaycandakı ehsan sözünə adekvatdır. Azərbaycanda ehsan sözü daha çox yas mərasimlərində açılan süfrələrə aid edilir. Hansını ki, hökumət artıq iki aya yaxındır ölkə üzrə qadağan edib. 
 
Yazını məhz ehsan sözünün mənası ilə başlamağımın səbəbi var. Məsələ ondadır ki, Azərbaycanda onsuz da çox gözəl və geniş mənalı ehsan sözü yas mərasimində verilən yemək süfrəsi mənasında qəbul olunur. Amma belə görünür ki, ehsan sözünün yanında indi rüşvət sözü də işlənəcək. Çünki artıq ehsan verən azərbaycanlıların bir də rüşvət vermək kimi öhdəliyi yaranıb. Məlum olur ki, artıq Sumqayıtda ehsan vermək istəyən insanlar İcra Hakimiyyəti başçısının müavininə 600 manat, Bakıda isə yerindən və məclisdən asılı olaraq 200 manat pul verməlisən. Deputat Fazil Mustafa dövlət qurumlarından birinin nümayəndəsinin ehsan süfrəsinin verilməsinə şərait yaratdıqlarına görə yas sahibindən 200 manat məbləğində rüşvət alındığını bildirib. 
 
Dəhşətli təzaddır, amma heç kim bu xəbərə təəccüblənmədi. Çünki Azərbaycan vətəndaşı (o həm də məmurdur – K.R.) rüşvət almağı və verməyi öyrənib. Bunu necə verməyi və düzəlməyən işini (icazə verilməyən ehsan süfrəsini – K.R.) necə yoluna qoymağı artıq öyrənib. Və indi o cizgilər ən son həddinə çatdı. Bu, artıq “qırmızı xətdir”. Azərbaycan insanı yaxşı işi, xeyirxahlığı, gözəlliyi belə rüşvətə bulamağa hazırdır. Əlbəttə, hansısa nöqtədə bir xeyir işi görmək üçün çarəsizlikdən rüşvət verməyə haqq qazandırmaq olar, amma indiki durumda bu, heç bir halda haqq qazandırılası məsələ deyil. 
 
İndi qəribə bir vəziyyət yaranıb. Hökumət ehsan məclislərinin təşkilini qadağan edib, insanlar isə uzun müddət yaşatdıqları dədə-baba adətlərindən imtina etmək istəmir, hər kəs el dilində deyilsə ölüsü üçün ehsan vermək istəyir. Bu prosesin baş tutması üçün inadkar ölü sahibləri yerli məmurlarla əlbir olaraq rüşvət verməklə onları yola gətirir. 
 
Doğrudanmı, məqsəd bu idi? Azərbaycan insanlarını israf kimi bir bəladan xilas etməyə çalışan hökumət rəsmiləri daha pisinə səbəb oldular. İndi həm ehsan var, həm də yas məclisi vermək üçün rüşvət də var. Bu ikiqat günahdır axı? Əlbəttə, bunu yas qadağasının müəllifi olan məmurlar əvvəlcədən düşünməli idilər. 
 
Əlbəttə, bu prosesin ən böyük cavabdehi həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadədir. Uzun illər bu məsələnin həlli istiqamətində ciddi addım atmayan Şeyx yalnız qadağa ortaya çıxandan sonra müqavimət göstərdi. Hökumətlə birlikdə ortaq nöqtə axtararaq ehsan məsələsinin həllinə nail olmaq əvəzinə Şeyx daha pis varianta getdi: qadağanı rəsmən sabotaj etdi. Onun nəzarətində olan zallar hökumətin qadağasına baxmayaraq Bakının mərkəzində ehsan süfrələri açmaqda davam etdi. Son nəticədə bu da insanlarda çaşqınlığa səbəb oldu. “Daha az ziyanla vəziyyətdən çıxmağa” alışmış azərbaycanlılar bu vəziyyətdə ölüsünü “urvatlı” eləmək üçün rüşvətlə də olsa ehsan verməyə davam etdilər. Nəticə isə budur. Gözəllik, yaxşılıq mənasında olan ehsan artıq Azərbaycanda ən çirkin kəlmə olan rüşvətlə yanaşı işlənir. Çünki necə deyərlər biri olmasa, o biri də olmur. 
Və ya necə oldu ki, azərbaycanlılar ən gözəl işi ən çirkli işə bulaşdırdılar?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap