“Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”
Posted on : Əqidələr 10/16/2017 12:59:32 PM
Huccətul-vida səfərində Peyğəmbərin (s) də olduğu karvan Məkkədən Mədinəyə geri qayıtmağa başladı. Karvan Qədiri-Xum adlı yerə çatanda Cəbrail nazil olaraq Peyğəmbərə (s) aşağıdakı ayə ilə xitab etdi:Ey Rəsulum! Allah tərəfindən sənə nazil olanı insanlara çatdır! Əgər çatdırmasan, Allahın risalətini təkmil etməmisən. Allah səni camaatdan qoruyacaq.Bəli, həzrət Əlinin (ə) canişinliyinin elanı ilə imamət silsiləsi başladı...
Əmirəlmömininin (ə) uşaq çağında Peyğəmbərə (s) iman gətirməsi Məkkə şəhərində məsxərə və əziyyətlərlə qarşılandı. Məkkə əhalisi mədəni və nəzakətli insanlar deyildilər, kobud, dalaşqan, xırda bir şey üstündə vuruşan, öz batil inamlarına qatı təəssübkeş insanlar idilər. Belə bir cəmiyyətdə böyük bir insan tərəfindən onun hər şeyini - etiqadlarını, adət-ənənələrini sual altına salan söz deyilir. Təbii ki, hamı ona qarşı çıxar, müxtəlif təbəqələr ona müxalif olarlar. Belə də oldu: əhali Peyğəmbərə (s) qarşı çıxdı. Belə bir insanı və belə bir sözü bütün vücudu ilə müdafiə etmək və ona qoşulmaq isə fədakarlıq tələb edirdi. Bu, Əmirəlmömininin (ə) birinci fədakarlığı idi.
Əli ibn Əbu Talib (ə) on üç il ən çətin zamanlarda Peyğəmbərin (s) yanında oldu. Düzdür, əziz Peyğəmbərin (s) mühacirəti çarəsizlikdən, Qüreyşin və Məkkə əhalisinin zülmündən baş verdi, amma işıqlı gələcəyi müjdələyirdi. Hamı bilirdi ki, bu mühacirət uğur və qələbələrə girişdir. Sanki bir hərəkat çətin dövrdən asanlıq və azadlıq dövrünə keçir. Adətən hamının tələsdiyi, ictimai məqam və postlara yiyələnməyə can atdığı məqamda Əmirəlmöminin (ə) zülmət və qaranlıq gecədə Peyğəmbərin (s) yatağında yatmağa razı oldu. Peyğəmbər (s) bu üsulla evdən və şəhərdən çıxa bilərdi. Həmin gecə bu yataqda yatanın öldürülməsi təxminən qəti və qaçılmaz idi. Biz indi bilirik ki, Əli (ə) həmin hadisədə şəhid olmadı, amma onlar bilmirdilər, gecənin qaranlığında müəyyən bir yerdə bir nəfər mütləq öldürülməli idi. Təhlükədən uzaqlaşması üçün kimsə onun yerində yatmalı idi ki, casuslar orada olduğunu zənn etsinlər. Kim buna razıdır? Əmirəlmömininin (ə) bu fədakarlığının özü fövqəladə əhəmiyyətə malikdir. Amma bu fədakarlığın zamanı onun əhəmiyyətini bir qədər də artırır. Bu, məşəqqətli dövrün bitdiyi, hakimiyyətin və rahatlığın başlandığı, Yəsrib əhalisinin iman gətirərək Peyğəmbəri (s) gözlədiyi zaman baş verir. Bunu hamı bilir. Əmirəlmöminin (ə) belə bir anda bu fədakarlığı edir. Belə böyük işi görmək üçün bu insanda heç bir şəxsi maraq olmamalıdır.
Sonra Mədinəyə daxil olurlar, Peyğəmbərin (s) yeni hökumətinin müharibələri və gecə-gündüz mübarizələri başlayır. Belə bir hökumətin xüsusiyyəti budur: daim müharibə var. Peyğəmbərin (s) həyatının bu on ili hətta Bədr döyüşündən öncədən döyüşlə keçmişdir. Əziz Peyğəmbər (s) bu on il ərzində müxtəlif kafir qəbilələri ilə onlarla müharibə aparmışdır. Bütün bu dövrdə Əmirəlmöminin (ə) Peyğəmbərin (s) fədaisi və ən öndə gedən sərkərdəsi kimi fəaliyyət göstərir, bu təhlükəli döyüşlərin hamısında iştirak edir. Tarixdən əlavə, Əmirəlmömininin (ə) özü də söyləyir ki, mən qəhrəman sərkərdələrin qorxduğu, geri çəkilməyə məcbur olduğu yerlərdə Peyğəmbərin (s) kənarında qaldım və canımı ona sipər etdim. Əmirəlmöminin (ə) ən ağır mərhələlərdə möhkəm dayandı. Onun üçün təhlükə heç bir əhəmiyyət kəsb etmirdi. Bəzi adamlar düşünürlər ki, sonradan İslama faydamız toxunsun deyə canımızı qorumalıyıq. Əmirəlmöminin (ə) heç zaman özünü belə bəhanələrlə aldatmadı, onun uca qəlbi aldanan deyildi. Əmirəlmöminin (ə) bütün təhlükəli yerlərdə ön sırada dururdu.
Ayətullah Xamenei