header

 Әli Kərimli "Azərbaycan qvardiyası"ndan yazdı

"Bunlar o cəsur insanlardandır ki, sıraları seyrəldikcə cəsarətləri daha da artır". Kimdir onlar?

AXCP sədri Әli Kərimli Facebook səhifəsində xalqı 12 oktyabr mitinqinə çağıran yeni status paylaşıb. Ә.Kərimli yazır:

Viktor Hüqo məşhur "Səfillər" əsərində Napoleonun Avropanın birləşmiş orduları tərəfindən sonuncu dəfə və tam olaraq məğlub edildiyi Vaterloo döyüşünü çox məharətlə təsvir edir. Viktor Hüqonun olduqca istedadlı bir yazar, söz sərrafı olduğunu dünya çoxdan qəbul edib. Böyük yazıçının mükəmməl təsvirləri də yaratdığı parlaq obrazlar qədər yaddaqalandır. 

Napoleonun hərbi dühası Fransa ordusunu dünyanın ən güclü ordusu etmişdi. Fransız ordusu onu qələbədən-qələbəyə aparmış imperatoruna çox bağlı idi. Әldə olunmuş qələbələrdən özgüvəni daha da artmış Fransa ordusu Vaterloo döyüşündə də çox böyük ürəklə, cəsarətlə vuruşurdu. Amma ingilis və almanlar başda olmaqla, az qala bütün Avropanın Napoleona qarşı birləşməsi öz sözünü deməli idi və dedi. Döyüşə təzə qüvvə ilə yenicə qoşulmuş Prussiya ordusunun hücumları qüvvələr nisbətini fransızların əleyhinə dəyişdi. Fransızlar əvvəlcə pərakəndə şəkildə geri çəkilməyə, sonra da qaçmağa başladılar. Qorxu bir an içində bütün orduya sirayət etdi. Döyüşün əvvəlində "Yaşasın imperator!" hayqırtısı ilə ölümün üstünə şığıyan əsgərlər bir neçə saat sonra "Kimin imkanı var, qaçıb canını qurtarsın!" qışqıraraq, döyüş meydanından qaçırdılar. 

Məhz belə bir kütləvi panika şəraitində Napoleonun qvardiyası Avropanın birləşmiş qüvvələrinə qarşı hücuma atıldı. 

Sözsüz ki, onların qalib gəlmək şansı yox idi. Lakin qvardiya rüsvayçı məğlubiyyətdənsə, sonuncu nəfərinə qədər döyüşərək ölməyi seçdi. Çox təsirli səhnədir. Çalışın siz də bu səhnəni gözünüzün qabağına gətirəsiniz: Ümumi sayının yarısını döyuş meydanında ölü olaraq itirmiş, qalan yarısı da qaçıb canını qurtarmaq hayında olan 70 min nəfərlik Fransa ordusunun qaçhaqaçı fonunda heç nə olmamış kimi, sayca özündən 20-30 dəfə çox olan düşmənə qarşı hücuma atılan bir neçə min nəfərlik qvardiya. Әtrafdakı 10 minlərlə insanın isterik qaçhaqaçının təsirinə düşməyən o mərd döyüşçüləri təsəvvür etdinizmi? Böyük yazıçı bütün orduya sirayət etmiş qorxunu, panikanı özünə yaxın buraxmamış o cəsarətli insanları təxminən belə (hər halda yadımda belə qalıb) təsvir edir: "Bunlar o cəsur insanlardan idi ki, sıraları seyrəldikcə cəsarətləri daha da artır". Dostlar, çox gözəl ifadə edib, deyilmi?

Son vaxtlar Azərbaycanda repressiyalar gücləndikcə böyük yazıçının yuxarıda qeyd etdiyim sözləri yadıma tez-tez düşür. "Sıraları seyrəldikcə cəsarətləri daha da artan" insanları düşünürəm. Әlbəttə, hər bir müqayisə qüsurludur. Fərqindəyəm ki, indi 19- cu yox, 21-ci əsrdir, bizlər də əsgər yox, demokratiya uğrunda dinc mübarizə iştirakçılarıyıq. Bu yolda ölüm istisna olmasa da, ehtimalı olduqca azdır. Üstəlik bu yolun sonunda labüd qələbə də var. Amma onu da nəzərə alaq ki, hər dövrün cəsarət və qəhrəmanlıq anlayışları da fərqlidir. Kütləvi repressiyaların davam etdiyi, qorxunun cəmiyyətin böyük bir hissəsini əhatə etdiyi indiki Azərbaycan şəraitində məhbəsdə belə öz mübarizəsini davam etdirən, hər cür təzyiqlərə rəğmən şux duruşunu qoruyub saxlayan, nisbi azadlıqda olsa da, hər gün həbs olunmaq ehtimalı ola-ola rejimlə mübarizəsini bir an da dayandırmayan, xalqın həqiqətləri bilməsi üçün bu ağır şəraitdə müstəqil qəzet, internet televiziyası, informasiya agentliyi, sayt yaşadan, cəmiyyətdə özünəsenzura yaranmasın deyə acı və təhlükəli həqiqətləri sosial şəbəkələrdə hər gün yazan, min bir çətinliklə prinspial müxalifət mövqeyini qoruyub saxlayan, üstəlik qorxunun, biganəliyin meydan suladığı indiki günlərdə rejimə qarşı mitinqə hazırlaşan insanlar cəsur, mərd insanlar deyilmi? 

Nə gizlədim, millətimizin qızıl fondu saydığım bu adamların əksəriyyəti ilə şəxsən yaxın olduğum üçün fəxr edirəm. Dostlar, siz də ətrafınıza göz gəzdirin. Görün, bu ölkədə nə qədər fədakar, ləyaqətli insan var? Onlar bu ölkənin daha aydın sabahlara qovuşması üçün özlərini hər cür rıskə atırlar. 

Əziz həmvətənlər, 12 oktyabrda Milli Şuranın mitinqinə qoşulun! Haqsızlığa, zülmə məruz qalanlara arxa durmaq, zalımın qarşısında sipər olmaq bir ləyaqət məsələsidir. Azərbaycan qvardiyasını meydanda tək qoymayın!

"Bunlar o cəsur insanlardandır ki, sıraları seyrəldikcə cəsarətləri daha da artır". Kimdir onlar?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap