header

 Hicab qadağasının arxasında kim durur?

2010-cu ildən başlayan hicab qadağası Azərbaycan Müsəlmanlarına vurulan ən böyük zərbələrdən biridir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Düzdür, bundan qabaq da universitetlərdə ara-sıra belə problemlər qabardılır, daha sonra isə müəyyən addımlar atıldıqda hicablı tələbələr təhsil ocaqlarına buraxılırdılar. Lakin Təhsil Nazirliyinin keçmiş rəhbəri Misir Mərdanovun yekdil olaraq “Hicab qadağandır” deməsi Müsəlmanlar arasında böyük narahatlıqla qarşılandı. Bir çox addımlar atıldı. Müəyyən idarələrə müraciət edildi. Lakin heç bir faydası olmadı. İlahiyyatçılar qadağaların aradan götürülməsi üçün sərt çıxışlar etdi və elə bu səbəbdən də həbsə məhkum edildilər. 3 etiraz aksiyası gerçəkləşdi. Həbslər oldu. Bundan sonra müəyyən həddə qadağanın təsir sahəsi azaldıldı. Nazirlik “Hicab qadağası” ləkəsini öz üzərindən götürmək üçün problemi təhsil mərkəzlərinin rəhbərlərinin üzərinə atdı. Qərar verildi ki, təhsil mərkəzlərinin rəhbərləri öz qərarları əsasında şagirdləri istəsələr hicabla məktəbə buraxa bilərlər, istəməsələr də buraxmazlar. Yəni qaldı direktorların öhdəsinə. Biz bir neçə məktəb direktoru ilə bununla bağlı danışdıqda, onların fikirləri isə bunu təsdiq etmədi. Direktorlar bildirdilər ki, bizə deyirlər məbadə hicaba icazə verəsiniz, olmaz. Amma ordan da deyirlər ki, öz işinizdir.

Bundan başqa Azərbaycanın prezidenti Rusiyanın “Rossiya” telekanalının “Vesti v subbotu” proqramında bildirmişdi ki, Azərbaycanda hicaba hər hansı qadağa yoxdur. Bundan başqa DQİDK-in keçmiş sədri Elşad İsgəndərov da orta təhsil məktəblərində hicaba qadağa olmadığını bildirib. Onu da qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin yeni rəhbəri Mikayıl Cabbarov ötən il abituriyent imtahanlarında ən çox bal yığanlardan biri olan hicablı Flora Qafarova ilə görüşmüşdü. Deməli nazirin də hicabla hər hansı problemi yoxdur. Həmçinin orta təhsil məktəbində yaranmış problemə görə Mikayıl Cabbarovun hicablı şagirdi qəbul etməsi də fikrimizi təsdiq etmiş olur. Yəni belə görünür.

Belə başa düşülür ki, Azərbaycanda prezident, nazir səviyyəsində hicab qadağası yoxdur. Bəs bu özbaşınalıq kimlər tərəfindən törədilir? Kimlər Azərbaycanda hicablıların təhsildən uzaq saxlanılmasını istəyir? Kimlər dindarların hissləri ilə oynayaraq aranı bulandırmağa çalışır? Əgər qadağa yoxdursa, bu özbaşınalıq direktor-rektor səviyyəsindəmi məhdudlaşır? Yəni qadağa belə cılız məsələdirmi ki, rüşvətlə, cinayətlə, savadsızlıqla işdən çıxarılan bəzi direktor-rektorların öhdəsinə qoyulur?

Yeni tədris ili başlayıb. Biz İslamazeri.az olaraq müxtəlif təhsil məktəblərində baxış keçirmişik və hələ də bir çox məktəblərdə hicab qadağası qüvvəsində qalmaqdadır. Bu azmış kimi hicablı tələbə Sumqayıt Dövlət Universitetinə buraxılmayıb və bildirilib ki, kimə şikayət edirsən et, hicabla universitetə buraxılmayacaqsan.

Bu planın arxasında kim durur? Kim xalq və dövlət arasında münasibətlərin korlanmasında maraqlıdır? Kim müsəlman ölkəsi olan Azərbaycanın adının islami atributlara hörmətsizlik edən ölkələrlə sadalanmasına səy edir? Bunun bir çıxış yolu yoxdurmu? Bir dəfəlik “Hicab azaddır” əmri ilə bu problemi aradan qaldırmaq mümkün deyilmi? Məgər Azərbaycanın müəllim və rektorları bu qədərmi özbaşınadırlar ki, yuxarıların göstərişlərinə məhəl qoymayaraq, öz istəklərini icra etsinlər? Vəzifəsindən asılı olmayaraq, heç bir məmur özünə edilən “sərt xəbərdarlığı”ın əksinə gedə bilməz. Vəzifə kürsüsünü itirmək bizdə “sonluq” kimi qəbul edilir və heç kəs özünün “sonunu” belə görmək istəmir. Ümidvarıq ki, yaxın zamanda problemin həlli üçün addımlar atılacaq və yeni qarşıdurmaların yaranmasına şərait yaradılmayacaq.

Tural Əli

2010-cu ildən başlayan hicab qadağası Azərbaycan Müsəlmanlarına vurulan ən böyük zərbələrdən biridir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap