İMAM BAQIR (Ə) HAQQINDA QISA MƏLUMAT
Posted on : Əqidələr 10/16/2017 12:59:31 PM
İslam aləminin 12 ulduzundan biri olan beşinci imamımız
İmam Baqirin (ə) öz mübarək adı Məhəmməd, məşhur ləqəbi isə Baqirdir.
Baqir adını imama (ə) peyğəmbərimiz (s) vermişdir. İmam Baqir(ə) atası
İmam Səccad və babası İmam Hüseyn (ə) kimi 57 il ömür sürmüşdür. Belə
ki, hicrətin 57-ci ilində dünyaya göz açmış, hicrətin 114-cü ilində isə
xəlifə hişam ibn Əbdülməmunun əmri ilə zəhərlənib şəhid olmuşdur.
Kərbəla faciəsində imam (ə) üç yaşlı uşaq idi.
İmamlar arasında
imam Baqiri (ə) fərqləndirən bir cəhət vardı: İmamın (ə) ata tərəfdən
babası İmam Hüseyn (ə), ana tərəfdən babası isə İmam Həsəndir(ə). Belə
ki, bu parlaq ulduz həm ata, həm də ana tərəfindən babaları imamlar idi.
İmam Baqir (ə) ota boylu, qarabuğdayı, iri cüssəli, enlikürək,
girdəsifət, qarasaqqal, çatmaqaş, iri gözlü, nazik burunlu görkəmli bir
şəxs olmuşdur.
Bədən quruluşu və xüsusiyyətləri Peyğəmbərə (s) çox
oxşayarmış. Bəlkə də bununla əlaqədar idi ki, Rəsuli-Əkrəm (s) öz
səhabələrindən olan Cabir ibn Əbdullah Ənsariyə buyurur: "Ey Cabir, sən
çox yaşayacaqsan, imam Hüseyn övladlarından Məhəmməd adlı bir nəfərlə
görüşəcəksən. O şəxs Peyğəmbərin elmini açan olacaq, onu gördükdə mənim
salamımı ona çatdır". Cabir imamla (ə) təqribən 50-55 il peyğəmbərdən
(s) sonra görüşüb salamı çatdırır və bir neçə gündən sonra dünyasını
dəyişir.
İmam Baqirin (ə) dövründə Bəni Üməyyə xəlifəliyi süquta
uğramaq üzrə idi. Xalq xəlifə və onun adamlarına nifrət edirdi. İslam
ölkələrini narazılıq bürümüşdü və hər yerdə qiyam baş verir, xəlifəyə
qarşı mübarizə gedirdi. İmam Baqirin (ə) 19 il imam olduğu dövrdə beş
xəlifə dəyişmişdi. Bəni Üməyyə dövlətinin zülmünün sona yetməsi üçün
yaxşı bir şərait yaranmışdı ki, İmam Baqir (ə) bu fürsətdən istifadə
edib elm sahəsində inqilab yaratdı. Zəmanənin böyük alimləri İmamın (ə)
ətrafında cəm olurdular. Islam həqiqətlərini və maarifini öyrətmək,
dünyaya yaynaq üçün gözəl imkan yaranmışdı. "Lisanul ərəb" kitabında
yazılır ki, məhz elmin incəliklərini açıb, islamı elmlərin üsul və
fürularını bəyan edib, onu hər tərəfə yaydığına görə həzrət Peyğəmbər
(s) öncədən imama (ə) Baqir adı bermişdir ki, onun da mənası yaran,
parçalayan, açan deməkdir.
İmam (ə) özü haqqında demişdir: "And
olsun Allaha, Allah-Taala qiyamət gününə qədər keçmişdəki və gələcəkdəki
elmləri mənə veribdir".
İmam Baqirin (ə) elmi qarşısında hər kəs
baş əymişdir. Zəmanənin məşhur əhli-sünnət alimləri olan Təbəri,
Bəlazəri, Səlami, İsfəhani, Bəsit, Xətib, Əbu-Davud, Əsnafi və başqaları
o həzrətin hüzuruna yetişib onun elm dəryasından istifadə ediblər. Bəli
imam Baqir (ə) zəmanəsinin ən bilikli alimi idi. Məşhur alimlərdən olan
həkəm ibn Üyeybə yazır: "Allaha and olsun, imam Məhəmməd Baqir (ə) hicr
surəsinin 75-ci ayəsində Allahın söylədiyi xüsusi insanlardandır".
Başqa bir əhli-sünnət alimi Əbdüllah ibn Əta yazır: "Elə bir alim
görmədim ki, özünü İmam Baqirin (ə) yanında kiçik sandığı kimi başqa bir
alimin yanında da kiçik bilsin".
İmam Baqir (ə) buyurur:"Biz Allahın ən yaxşı və ən sevimli bəndələriyik, ona görə də bizə əhli-beyt Cənbaullah deyilmişdir".
Bütün bunlarla yanaşı, İmam (ə) vaxtının çoxunu Allaha ibadətlə
keçirər, Allahın qorxusundan ağlayardı. İmam (ə) təvazökar idi.
Gündüzlər əkin sahələrinə gedib orada çalışardı. Belə ki, onun çoxlu
mal-qarası, torpaq sahələri və bağları olmuşdur. İmam (ə) qazancının çox
hissəsini Allah yolunda xərcləyərdi. Odur ki, ən səxavətli imam kimi
tanınmışdır. Onun yanına elm adamları ilə yanaşı ehtiyac içində yaşayan
adamlar gələrdi və heç zaman boş qayıtmazdılar.
Həmd və sənalar
olsun ələmlərin Rəbbinə ki, hidayət çırağı olan 14 parlaq ulduzu bütün
nöqsanlardan pak qərar vermişdir. Və Allahın salamı olsun bu parlaq
ulduzlara Peyğəmbərə (s) və onun övladlarına.saafi.ir