Bu gecə İmam Museyi-Kazimin (ə) şəhadət gecəsidir
Posted on : Məqalələr 10/16/2017 12:59:45 PM
Rəcəb ayının 24-dən 25-ə keçən gecə imam Kazimin (ə) şəhadətə yetdiyi gecədir
Rəcəb ayının 25-i imamət səmasının 7-ci parlaq ulduzu
İmam Museyi-Kazimin (ə) şəhadət günüdür. Bildiyiniz kimi, həzrətin adı Musa, ləqəbi
Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət
Sadiq (ə) olub. İmam Museyi-Kazim (ə) hicri qəməri tarixi ilə 128-ci ildə Səfər
ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə İmam Cəfər
Sadiqin (ə) ailəsində dünyaya göz açıb. İmamın həyatı iki hissəyə bölünür: 1.
İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü,
hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri
Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf edib.
Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf
edib. Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (ə) şəhid
olduqdan sonra İmam Kazimin (ə) İmamlıq dövrü başlayib. Müsəlmanların 7-ci
imamı Hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də Abbasi xəlifəsi
Harunun əmri ilə zəhərləndirilib. İmam hicrətin yüz səksən üçüncü (başqa bir
versiyaya görə isə yüz səksən altıncı) ilində Rəcəbin 25-də şəhid olub.
Onun anası Həmidə adlı bir xanım olub. 7-ci imam 54 il ömür sürüb və bu illərdən
35-ni müsəlmanlara imamlıq edib. İmamın həyatının son dövrü zindanlarda
keçib və elə şəhadətə də zindanda yetişib. Maraqlı məqamlardan biri onun
yerləşdirildiyi məhbəslərin 3 dəfə dəyişdirilməsindən ibarətdir. Buna səbəb isə
həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri
olub. Yüksək əxlaqı, imanı ilə imam zindandakılara o qədər təsir göstərib ki,
artıq onlar Peyğəmbər (s) övladının dəmir barmaqlıqlar arxasında qalmasının nə
dərəcədə böyük cinayət olmasını anlayıb, bu haqsızlığa şərik olmaqdan çəkiniblər.
Elə buna görə də, Bəsrədən xəlifəyə belə bir ismarıc gəlib: “Onu geri al, yoxsa
azad edəcəyəm!”. Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının
sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu
Allahın müəyyət etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam
Museyi-Kazim (ə) məsum əcdadları kimi şəhid edildi. İmam Museyi-Kazimin
(ə) Azərbaycan ilə bilavasitə əlaqəsi var. Həzrətin qız övladları – Rəhimə xanım
və Həkimə xanım Abbasilərin Əhli-Beytə (ə) qarşı həyata keçirdiyi təqiblərdən və
zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirib, həyatlarının qalan
hissəsini burda yaşayıb və bu torpaqda dəfn ediliblər. Bü hüznlü, İmam
Museyi-Kazimin (ə) şəhadətə yetişdiyi gündə dünya müsəlmanlarına başsağlığı
veririk.