header

 Aşuranın hürr və azadəlik dərsləri

Bu, bir əbədi, bir susmaz həyəcan təbilidir. Qiyamət gününədək insan vicdanına yönələn bir həyəcan təbili. Bu təbil insana onun yüksək və şərəfli bir vəzifəsini xatırladır. AZAD İNSAN OLMAQ vəzifəsini.
Gerçəkdə Aşura bir tam, harmonik vəhdətdir…
Burada Xeyir və Şərin əbədi vücudi qarşıdurması, bəzən Xeyirlə Şəri ayıran tük qədər nazik sərhəd tam surətdə təzahürünü tapmışdır. Bir sərhəd ki, yalnız ixlas, Allaha həqiqi bəndəlik sayəsində qorunur…
Kərbəla…
Bir məkan ki, bəşər mövcudiyyatının ən alçaq və ən yüksək xislətləri burada kəsişmişlər. Və bu mübarizənin ən böyük qiyməti - Allah yolunda şəhadətdir…
Bir tərəfdə cahillik, xəyanət, riyakarlıq, hərislik, qəlbi qaralıq, rəzalət - əlqərəz, insana xas olması mümkün olan və olmayan bütün mənfiliklər cəm olmuşdur. Digər tərəfdə isə məhəbbət, quruculuq, həqiqətpərəstlik, şücaət, mərdlik, şəfqət, şəxsiyyət və ləyaqət, yüksək əxlaq və mənəviyyat, həqiqi dəyərlərə sadiqlik, ruhun ən yüksək pərvazını görürük.

Xeyirlə Şərin qarşıdurmasının kulminasiyası
Vəcdə gəlmiş sanki bütün varlıq aləmi bü gün…
Aşura günündə, Kərbəla çölündə İmam Hüseyn (ə) və 72 əziz silahdaşı İlahi Həqiqətin əsl daşıyıcıları kimi çıxış edirdilər. Lənətlik Yezidin 30 minlik ordusu isə - məlun iblisin mənfur xidmətçiləri vəzifəsini üzərlərinə götürmüşdür. Və Aşura günü baş verən bu qeyri-bərabər döyüş, əslində Xeyirlə Şərin sadəcə növbəti toqquşması deyildi. Həqiqətdə burada ziddiyyətlərin qarşıdurmasının bir kulminasiyası, zirvə nöqtəsi sezilir. Qəsbkar, zülmkar, müstəbid lənətlik Yezid hər bir mənfilik və geriliyi özündə cəm edirsə, İmam Hüseyn (ə) bütün kamalların, Allah tərəfindən bəndə üçün müəyyən edilmiş ən gözəl keyfiyyətlərin ən nəcib bir rəmzi kimi çıxış edir.
Mədinədən Məkkəyə, oradan Kərbəlaya qədər uzanan bu 6 aylıq eşq karvanının hər bir mərhələsində İmam Hüseyn (ə) bir əsas nöqtəni vurğulayır: zülm qəbuledilməzdir, İlahi dəyərlər ölməzdir…
Qəsbkar lənətlik Yezid Mədinədəki valisi vasitəsilə İmam Hüseyndən (ə) beyət - hakimiyyəti tanımağı tələb etdikdə və əks təqdirdə ölümlə hədələdikdə, İmamın (ə) cavabı bir olur: «Mən heç zaman zilləti, alçaqlığı qəbul etmərəm! Yezidin hakimiyyətini tanımaq - İslamın sonudur!».
İnsanlara öz mövqeyini çatdırmaq üçün Məkkəyə gedərkən, Mədinədə qalan qardaşı Məhəmməd Hənəfiyyəyə bir məktub qoyur İmam (ə). Bu - bütün nəsillərə ünvanlanmış bir İlahi vəsiyyətdir, insanlığın cövhəridir, yaşam fəlsəfəsidir. İmam Hüseyn (ə) buyurur ki, «mən nə hakimiyyət, nə də var-dövlət üçün qiyam etmədim. Fəqət insanları yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmək, Allahın Elçisi Həzrət Muhəmmədin (s) pak və xalis dinini yaşatmaq üçün hərəkata başladım».
Nə qədər ibrət var bu hərəkatda! Qeyri-zorakı müqavimətin ölməz dərsi burada verilir. Körpə uşaqları, yaxınları ilə İmam (ə) bir zülmü qəbuledilməzlik, istibdada müqavimət yürüşünə başlayır.
Və yol boyu İmam (ə) insanlara hərakatının qayəsini çatdırır: «Mən hakimiyyət üçün hərəkata başlamamışam. Mənim istəyim yalnız İlahi həqiqətləri ölməyə qoymamaqdır».
Düşmən dəfələrlə beyət təklif edir. İstənilən qiyməti ödəməyə hazırdır bu beyət üçün lənətlik Yezid… Amma, İmam Hüseyn - babası Həzrət Mühəmmədin (s), valideynləri Həzrət Fatimə (s.ə.) və Həzrət Əlinin (ə) tərbiyəsini, qardaşı İmam Həsənin (ə) son nəfəsədək fədakarlıq və həqiqətpərəstlik yolundan dönməyən və şəhadətlə sonuclanan həyat yolunu görən İmam Hüseyn (ə), məsləkindən dönə bilməz…

Şəhid oldular ki, insanlar xeyirlə şəri ayırsın
Kərbəla səhnəsi… Nə qədər qəhrəmanlıqlar olubdur burada. Neçə-neçə salnamələr yazılmış burada… Necə insanlar qurban getdi ki, bəşəriyyət xeyrin nə, şərin nə olduğunu bilsin.
Əbülfəzl Abbas (ə)… İmam Hüseynin (ə) ələmdarı - bayraqdarı. Minlərlə yazılı və şifahi əsərlərin qəhrəmanı. «Babül-həvaic» - «Hacətlər qapısı»dır Həzrət Əbəlfəzl (ə). Bəs nə etmiş Həzrət Abbas (ə) ki, Allah Təala bu böyüklükdə məqamı bəxş etmiş ona? Bəs nə etmiş nurlu çöhrəsinə düşmənlərin baxmağa belə cürətləri çatmadığı bu misilsiz cəngavər? Hər an İlahi vəzifəsini yerinə yetirdi. Hər zaman İNSAN olaraq yüksəldi, Allah bəndəsi olaraq yüksəldi… Qızmar səhrada susuz qalan körpələrə su gətirmək üçün düşmən cərgələrini yara-yara Fərata çatdı Həzrət Abbas. Amma sudan içmədi. İçə bilmədi. «Körpələr susuz olduğu halda, mən necə bu sudan içə bilərəm» deyərək, ciyəri qovrula-qovrula dolabı su ilə doldurub geri döndü. Düşmən ona yanaşmağa cürət etmədi. Uzaqdan ox atdı, nizə atdı. Yalnız «Əhli-beytin (ə) cəngavəri» qan itirməkdən zəiflədikdə, yezidin tör-töküntüləri ona yaxınlaşmağa ürək etdilər. Təslim olmaq təklifinə lənət və rədd eşitdi düşmən. Dolabı tutan mübarək qolunu kəsdilər Həzrət Abbasın (ə). O biri əlilə götürdü dolabı - onu da kəsdilər. İmam Hüseynin (ə) bu əziz ələmdarını şəhid etdilər, amma təslim edə bilmədilər. Sonadək İlahi vəzifəsini yerinə yetirdi, yolundan dönmədi. Gerçəkdə qanı ilə əsrlərə yönəlik fədakarlıq salnaməsini yazdı Həzrət Abbas (ə)…

Peyğəmbərin (ə) əmmaməsi ilə getdi düşmən ordusuna qarşı...
Həzrət Əli Əkbər (ə)… İlk olaraq düşmənin üzərinə gedən, ömrünün baharı Allah düşmənləri tərəfindən xəzanlığa çevrilən Əli Əkbər… Para-para olmuş vücudu əbasına qoyulub atasının yanına göndərilən Əli Əkbər (ə)… Həzrət Peyğəmbərə (ə) çox oxşayırdı nəticəsi Əli Əkbər… Peyğəmbərin (ə) əmmaməsi ilə getdi düşmən ordusuna qarşı ki, bəlkə ayılsınlar, tutduqları iblis yolundan dönsünlər. Amma heyhat! Susamışdı Peyğəmbər (s) övladlarının qanına düşmən… Şəhid etdi Əli Əkbəri (ə) düşmən… Övlad dağı vermək istədi İmam Hüseynə (ə)… Amma Allah bəndəsi nədi, imtahan nə?! Əli Əkbər kimi balasını itirən Hüseyn (ə) sarsıldımı, zəiflədimi? Əsl məhəbbət kitabəsi yazılır burada…
Həbib ibn Məzahir, Müslüm ibn Övsəcə və Kərbəlanın digər ağsaqqalları. Zəmanələrinin arifləri, elm və təqva təcəssümləri. Düşmənin təslim olmaq təklifinə hiddətlə reaksiya verən ağsaqqallar. Rəzil düşmən rəhm etmədi nə onların yaşına, nə məqamına. Boyadı ağ saqqallarını qanlarına, amma döndərə bilmədi məsləklərindən…
Hürr… Adı «azadlıq» mənasını verən sərkərdə. Öncə Yezid ordusunun minbaşısı idi bu Kərbəla qəhrəmanı. Həqiqət Günəşi onun üçün parlayan kimi, qəti qərarını verdi, keçdi İmam Hüseynin (ə) düşərgəsinə. Təsəvvür edək: 30 minlik qoşunun komandirlərindən biri, həqiqətin nə olduğunu anlayan kimi, seçimini edir - keçir bir ovuc azadxahın tərəfinə və qanına qəltan edilənədək bir an da olsun tərəddüd etmir…
İmam Həsənin (ə) oğlu Qasim, Abdullah ibn Ümeyr və Kərbəlanın onlarla digər cavanları. Həyatlarının ən şirin çağlarını yaşayan, bütün ömürləri hələ irəlidə olan insanlar. Allah məhəbbəti gənc qəlblərini dolduran bir durumda onları üzük qaşı kimi əhatə edən düşmənin üzərinə getdilər və bir an da olsun seçimlərində tərəddüd etmədilər. Qorxu, acizlik, zülmə baş əymə ram edə bilmədi onların iradəsini… Sonadək İlahi vəzifələrində dönməz oldular və çöhrələrində təbəssümlə əbədiyyətə qovuşdular…
Zənci balası Cun… İslamın dəyərlərinə vurğun bir Allah bəndəsi. Sonadək bu idealları müdafiə edən Cun… Şəhadət məqamında belə zərrədək geri çəkilməyən, minlərlə azğın qaniçənlərin bədənini didməsindən «uf» belə deməyən Cun…

Heç kəsə rəhm edilmədi
Onları şəhid etdilər… Heç kimə rəhm etmədilər… İmamın (ə) 6 aylıq balası Əli Əsğərin də başını bədənindən ayırdılar, körpə uşaqlardan, müdafiəsiz xanımlardan ibarət əsir karvanını - Peyğəmbərin (s) nəvə-nəticəsindən ibarət bu əsir karvanını şəhər-şəhər gəzdirib, olmazın məşəqqətlərə məruz qoydular…
Amma, hürrlük və azadlıq bayrağını endirə bilmədilər! İmam Hüseyn (ə) və məsləkdaşları ləyaqət və izzət yolunda, İlahi dəyərləri yaşatmaq yolunda ən qiymətlilərini qurban verdilər, amma məsləklərindən dönmədilər. Onlar Kərbəla çölündə bir yenilməz fədakarlıq abidəsi ucaltdılar. Və İmamın «Şərəfli ölüm, zillətli həyatdan yaxşıdır!» çağırışı əsrlərdən bəri bütün azadxah insanları yüksək amallar yolunda fədakarlığa ruhlandıran bir mübarək dəvət olaraq qalır.
İlahi dəyərlərin, haqqın, ədalətin, doğruluğun, mərdliyin - hər bir kamalın ölməzliyini təmin edən bir dəvət…
Nə qədər nümunələr var burada! Düşmən sarsılmışdı bu qəhrəmanlıqdan! Bu yenilməzlik və qəhrəmanlıqlar sanki daha da azğınlaşdırmışdı düşməni. Çünki daha da güclü hiss edirdi, daha da çox duyurdu öz rəzilliyini, acizliyini, gücsüzlüyünü bu qurbanlar, fədakarlıqlar fonunda, bu eşq, bu məhəbbət fonunda zəlil olmuş düşmən…
Necə yazıldı bu qəhrəmanlıq eposu və kimlər yazdılar onu? Şəhidlər yazdı, sonra əsirlər yazdı bu məktəbin şanlı səhifələrini.

Azadəlik mayakı
Həzrət Zeynəb (s.ə.)… Kərbəla müsibətini dünyaya aşkar edən, zalım saraylarını sarsıdan Zeynəb (s.ə.)! Lənətliklərin acıq vermək, şəmatət etmək cəhdlərinə «Mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim» - deyən Zeynəb… Yezid lənətliyi susduran, onu öz əlaltılarının yanında rüsvay edən Zeynəb (s.ə.)! İlahi məhəbbətinin gücü, əzmi, fədakarlığı, nəcabəti, izzəti ilə yezidləri xar edən, aşağılayan Zeynəb (s.ə.)… O dərəcədə xanım Zeynəb (s.ə.) rəzil etdi Yezid lənətliyi ki, əvvəldə «yaxşı aldım ata-babamının qisasını Peyğəmbərdən» deyən bu məlun, sonda «mən bunu istəmirdim, xəbərim olmayıb» kimi qorxaq mövqeyə də əl atmağa cəhd etdi, özünü təmizə çıxarmağa səy etdi. Və çox çəkmədi ki, etdiyi cinayətlərin hələ bu dünyadaca əvəzini almağa başladı…
Bəs kiçik balalar! Allah, Allah! Onların gözü qarşısına gətirirdi kəsilmiş başları Allah düşmənləri ki, itkinin acısını artırsın… Bəşər görməyib belə zülmü!
Amma nə edə bildi düşmən?!
Zərrədək təslim etdirə bilmədi bu kiçik balaları belə…
Kimdir bu cəhənnəm əhlini xatırlayan?!
Kimdir bu lənətlik yezidlərin, şümürlərin, ömər sədlərin, ibn ziyadların, hərməlaların, özünə əbədi atəşi vacib etmiş minlərlə digər bəşəri canilərin adını lənətsiz çəkən?!
Amma Ruqəyyələri, Səkinələri, onlarla digər qəhrəman balaları hamı necə məhəbbətlə yad edir, onları öz İlahi məhəbbətinə vəsilə qərar verir…
Dövr edəcək çərxi-fələk, dəyişəcək dünyanın gərdişi. Amma hicrətin 61-ci ilində susuz səhrada yazılmış bu müqqədəs vücüdi əsər heç zaman unudulmayacaq… Allaha məhəbbətdən, insana məhəbbətdən, bəşəriyyətə məhəbbətdən, kamal adına nə varsa, ona məhəbbətdən yoğrulan bir ixlaslı salnəmə hər zaman dünyanın hər bir yerində yaşayan azadxah insanlar üçün sönməz bir hürrlük rəmzi, azadlıq mayakı, azadəlik mayakı olacaqdır…
Allahım! Səni and veririk İmam Hüseynin (ə) mübarək qanına, millətimizi İlahi dəyərləri yaşadanlardan qərar ver! AMİN!
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap