Prezident Administrasiyası, XİN və Müdafiə Nazirliyi İsrail qaynağının
məlumatına sərt təpki verdi və qəti təkzib etdi; yerli təhlilçilər də
hadisədə iki ölkə münasibətlərini korlamaq istəyənlərin kobud “əl işi”ni
görür...
Avqustun 23-də İran səmasında, Natanz Nüvə Mərkəzi üzərində
kəşfiyyat apararkən vurulmuş pilotsuz təyyarənin Azərbaycandan havaya
qalxdığı barədə iddialar rəsmi Bakı tərəfindən qəti şəkildə təkzib
olunub.
Məsələyə münasibət bildirən Prezident Administrasiyası
ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov virtualaz.org-a
deyib ki, bu, bəzi xarici dairələrin Azərbaycana qarşı növbəti
təxribatıdır.
Onun sözlərinə görə, işğalçı Ermənistan istisna olmaqla, Azərbaycan
bütün qonşuları ilə öz münasibətlərini qarşılıqlı etimad, səmimilik,
dostluq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində
qurub: “Bu ilin aprelində prezident İlham Əliyevin İrana rəsmi səfəri
yüksək səviyyədə keçib, qonşu ölkənin rəhbərləri ilə görüşlərdə
ikitərəfli münasibətlər kompleks şəkildə müzakirə olunub, əvvəlki dövrdə
mövcud olan bütün problemlərə aydınlıq gətirilib və sual doğura biləcək
heç bir məqam qalmayıb. Görünür, belə vəziyyət bəzi xarici dairələri
narahat edir və bu tipli informasiyalar Azərbaycanın qonşuları ilə, o
cümlədən İranla münasibətlərini korlamaq üçün bilərəkdən dövriyyəyə
buraxılır”.
“Təxribat xarakterli informasiyanı təkzib edirik. Yayılan
məlumatları yaxın qonşularla münasibətləri korlamağa cəhd kimi
qiymətləndiririk”. Bunu isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin
rəisi, polkovnik Vaqif Dərgahlı bəyan edib. Dərgahlının fikrincə, belə
təxribat xarakterli məlumatlar Azərbaycanın qonşuları ilə
münasibətlərini korlamaq məqsədilə yayılıb: “Bu tipli pilotsuz uçuş
aparatları Azərbaycanın Silahlı Qüvvələrində yoxdur”.
“Azərbaycanın İranla tarixi, mədəni bağlantıları var. Azərbaycan
qonşu dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Heç bir 3-cü
tərəf qonşu ölkələrlə münasibətlərimizə xələl gətirə bilməz”. Bu
fikirlər isə XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevə məxsusdur.
(axar.az) Nazirlik rəsmisi onu da bildirib ki, İranın Azərbaycandakı
səfiri ilə qarşılıqlı məsləhətləşələr aparılır: “Məsləhətləşməyə
gəlincə, bu, təkcə indi yox, mütəmadi olaraq aparılır. Bizim əsas
prioritet istiqamətlərimizdən biri də qarşılıqlı, bərabərhüquqlu
münasibət qurmaqdır. Hazırda İranla Azərbaycan arasında münasibətlər
yüksələn xətlə inkişaf edir”.
Virtualaz.org xəbər verir ki, təyyarənin Azərbaycanda qalxdığı
barədə iddiaları neçə gündür dövriyyəyə buraxan İsrail və Qərb dairələri
bu gün daha da irəli gedərək “konkret detallar” təqdim ediblər.
İsrailin kəşfiyyat xidməti “Mossad”a yaxınlığı ilə bilinən “Debkafile”
saytı xəbər verir ki, İranda vurulan təyyarə həqiqətən “Hermes 450"dir
və Azərbaycanın Naxçıvan bölgəsində yerləşən aviabazadan qalxıb. Sayt
məlumatı İsrail hərbi qaynaqlarından və İrandakı mənbələrdən əldə
etdiyini yazır. Bildirilir ki, İranın aviasiya ekspertlərinin və xüsusi
xidmət əməkdaşlarının apardıqları araşdırmalar İnqilab Keşikçiləri
Korpusunun komandirlərinin təyyarənin Səudiyyə Ərəbistanından qalxdığını
bildirərkən tələsdiklərini müəyyən edib. Sayt Naxçıvanın İran, Türkiyə
və Ermənistanla həmsərhəd olduğunu, üç il əvvəl Azərbaycanın İsraildən
aldığı ”Hermes 450" təyyarəsini Qarabağda kəşfiyyat aparmaq üçün
istifadə etdiyini, ancaq təyyarənin vurulduğunu bildirir. “Debkafile”
yazır ki, İsrailin İrandan 1100 kilometrlik hava məsafəsinin olduğunu
nəzərə alan israilli hərbi analitiklər İnqilab Keşikçiləri Korpusunun
təqdim etdiyi görüntülərdəki təyyarə qalıqlarının “Hermes 450"yə aid
olmadığını, həmçinin onun İsrailə məxsus olmadığını deməklə səhvə yol
veriblər. Analitiklər hesab edirlər ki, İsrailin çoxsaylı casus peykləri
şəbəkəsinə malik olduğu bir vaxtda məxfi informasiya sistemləri ilə
təchiz olunmuş təyyarəni İranın hava sahəsinə göndərməyə ehtiyacı yox
idi. ”Lakin bu iradlar heç bir tənqidə davam gətirmir.
“Debka”nın hərbi qaynaqları bildirir ki, “Hermes 450" təchiz
olunduğu foto və videokameralar sayəsində yüksək keyfiyyətlə rəngli
təsvirlər çəkə bilir. Təyyarənin kameraları istənilən hava şəraitində
işləməyə imkan verir. İranın müdafiə naziri Hüseyn Dehqan təyyarənin
haradan qalxdığını göstərmədən deyib ki, onun ölkəsi fələstinlilərə
silah göndərməklə bunun qisasını alacaq. Bizim mənbələrimizin
bildirdiyinə görə, Tehranın bu qarışıq reaksiyası bir neçə həftədən bir
Naxçıvandan qalxan pilotsuz kəşfiyyat təyyarələrinin İranın nüvə
obyektləri üzərində uçuşlar keçirməsi qarşısında çarəsizliyi ilə
bağlıdır. Pilotsuz kəşfiyyat təyyarələri radiasiya səviyyəsini ölçərək
İranda uranın zənginləşdirilməsi proqramına dair dəqiq məlumatlar
toplayır” deyə sayt yazır.
“Debka” bildirir ki, İran iki ildir bu pilotsuz təyyarələri
vurmağa, yaxud elektron vasitələrlə endirməyə çalışırdı, ancaq uğur əldə
edə bilmirdi. Bu həftə baş verən insident isə istisnadır. İran
təyyarəni yer-hava raketi ilə vurub. Sayt qeyd edir ki, İran təyyarənin
Stels texnologiyasına malik olduğunu deməklə bu uğursuzluğunu ört-basdır
etməyə çalışırdı. “Əslində isə təyyarə Stels texnologiyasına malik
deyil və Naxçıvandan qalxandan sonra İranın hava məkanında 300 kilometr
irəliləyib, yalnız bundan sonra hava hücumundan müdafiə sistemləri
tərəfindən aşkarlanıb”, - deyə sayt bildirir.
* * * *
Ortaya çıxan qənaət budur ki, İsrail çevrələri açıq-aşkar İranı
Azərbaycana qarşı qoymaq istəyir və bunun hansı məqsəd güddüyünə dair
bir çox mülahizələr ola bilər. Bu arada İran bəyan edib ki, pilotsuz
kəşfiyyat təyyarəsinin ölkənin hava məkanına soxulmasına görə İsrailə
hərbi yolla cavab veriləcək. “Fars” agentliyinin məlumatına görə,
İnqilab Keşikçiləri Korpusunun komandanı, briqada generalı Hüseyn Salami
avqustun 26-da Tehranda “Bəsic” şəhidlərini anma mərasimində çıxışı
zamanı deyib: “Bizim bu təcavüzə cavabımız diplomatik olmayacaq, biz
düşmənin cavabını döyüş meydanında verəcəyik, ancaq bu haqda əvvəlcədən
elan etməyəcəyik”. Salami bildirib ki, pilotsuz təyyarə yəhudi
dövlətinin ərazisindən yox, İsrailə qonşu olan ölkələrdən birindən
havaya qalxıb. Lakin onun sözlərinə görə, təyyarənin İsrailə məxsus
olmasına heç bir şübhə yoxdur. İran təyyarənin Azərbaycandan qalxdığına
dair İsrail və Qərb dairələrinin ortaya atdığı iddialara hələ münasibət
bildirməyib.
İran Silahlı Qüvvələrinin baş qərargah rəis müavini Seyid Məsud
Cəzairi ölkəsində məhv edilən təyyarənin keçmiş sovet respublikalarının
birindən havaya qalxdığını deyib. İsrailin xüsusi xidmət orqanlarına
yaxınlığı ilə seçilən media orqanı iddia edir ki, Azərbaycan Qarabağda
kəşfiyyat məqsədi ilə həmin təyyarələri İsraildən alıb.
* * *
Politoloq Vəfa Quluzadə yayılan məlumatın
səhihliyinə inanmır: “Mən inanmıram ki, İran səmasına Azərbaycan
ərazisindən pilotsuz kəşfiyyat təyyarəsi buraxılsın. Çünki Azərbaycan
bilir ki, İran bu cür məsələlərə nə qədər həssasdır və münasibətlərə
xələl yetirmək olmaz. Odur ki, İsrail mənbəsinin iddiasına da inanmıram.
Bəlkə bu, başqa dövlətlərin kəşfiyyat məlumatıdır və aranı qarışdırmaq
istəyirlər. Hər halda, Azərbaycanla İranın münasibətini korlamaq
İsrailin də xeyrinə deyil. Çünki belə bir addım Azərbaycanın mənafeyinə
zidd olardı. Digər tərəfdən, Azərbaycanda İsrailin hərbi bazası yoxdur
ki, buradan pilotsuz təyyarə uçurulsun”.
Quluzadə bu məsələdə Azərbaycan izinin axtarılmasını mənasız sayır:
“İsrailin özü elə İran ərazisinə yaxın məsafədədir. Gərək Azərbaycan
İranla müharibə vəziyyətində olsun ki, buna icazə versin. Ola bilər bu,
Azərbaycanla İranı üz-üzə qoymaq istəyənlərin əməlidir. Hər halda, bu,
Azərbaycanın əleyhinə yönəlmiş əməliyyatdır”.
* * *
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun da
məsələyə maraqlı yanaşması var: “Əlbəttə, İsrailə aid pilotsuz
təyyarənin İran səmasında vurulması ilk növbədə bu sualı gündəmə gətirir
ki, vurulan təyyarə hansı ölkədən havaya qalxıb? Çünki bu təyyarənin
İsraildən qalxaraq İran səmasına yetişməsi problematikdir. Bəziləri
Azərbaycanda, şübhələnib ki, guya bu təyyarə Azərbaycandan qalxa
bilərdi. Bu şübhəni irəli sürənlər İsrailin Azərbaycana bir neçə
pilotsuz təyyarə satdığını irəli sürürlər. Bu versiyaya inanmıram.
Birincisi, Azərbaycanın İranın nüvə obyektləri haqqında məlumat toplamaq
kimi dərdi yoxdur. Bu, daha çox ABŞ və İsraili maraqlandırır. İkincisi,
rəsmi Bakı onsuz da İranla münasibətlərdə ehtiyatlıdır, Qərbin İrana
qarşı planlarında yer almır. Belə olan halda Azərbaycan İran səmasına
niyə pilotsuz təyyarə göndərməlidir ki?”
E.Şahinoğlu bir məqama da diqqət çəkdi: “Heç iranlı rəsmilər də
Azərbaycanın adını çəkmirlər. Çünki onlar da anlayırlar ki, rəsmi Bakı
bu cür riskli oyuna getməz. Digər tərəfdən, İsrailin və ABŞ-ın
Azərbaycanda hərbi bazaları da yoxdur ki, buradan İran səmasına pilotsuz
təyyarə buraxsınlar. Mən az səsləndirilən başqa bir variantın üzərində
dayanmaq istərdim. Həmin pilotsuz təyyarə Şimali İraqdan havaya
qaldırıla bilərdi. Bəllidir ki, İraqın şimalındakı kürd liderlərlə
İsrailin çox sıx münasibətləri var. İsrail illərdir kürdlərə silah
ötürür, oradan isə kəşfiyyat məlumatları əldə edir. Təsadüfi deyil ki,
İsrail rəsmiləri Şimali İraqın ”müstəqilliyini" tanıyacaq ilk ölkə kimi
açıqlama vermişdilər. Ona görə də İsrailin pilotsuz təyyarəni məhz
İraqın şimalından İranın səmasına göndərdiyini istisna etmirəm".
* * * *
Yeri gəlmişkən, avqustun 28-də ABŞ Müdafiə Nazirliyi ölkə
donanmasına aid bir patrul gəmisinin İran gəmisinə atəş açdığını
açıqlayıb. Açılan atəş nəticəsində gəmiyə hər hansısa zərərin
dəyib-dəymədiyi məlum olmasa da, Pentaqonun açıqlamasında İran gəmisinin
ABŞ patrul gəmisinə silah tuşladığı və buna görə onlar tərəfindən atəş
açıldığı qeyd edilir. Bu barədə İranın “Fars” xəbər agentliyi də məlumat
yayıb. Pilotsuz gəminin vurulmasının ardınca İran gəmisinə atəş
açılması, hər halda, böyük bir savaşın simptomları da sayıla bilər. Belə
görünür ki, ABŞ-İran anlaşması barədə deyilənlər, İranın dondurulan
bank hesablarının açılması aldadıcı məsələlərdir və istənilən vaxt
bölgədə böyük gərginlik ocağı çatıla bilər. Azərbaycanın adının isə bu
məsələdə hallandırılması heç də təsadüfə oxşamır.(Yeni Musavat)