İslam dininin utanmağa münasibəti necədir?
Posted on : Əqidələr 01/20/2019
Həya və utanmaq nisbi bir anlayışlardır və mövqedən aslı olaraq müsbət və ya mənfi hal ala bilər.
Dini mətnlər də bunu təsdiqləyir. İslam Peyğəmbəri (s) bu məsələyə işarə edərək buyurur: “Həya və utanmaq 2 növdür; ağıl və hikmətə əsaslanan həya və səfehliyə və axmaqlığa söykənən həya. Hikmətli həya elm gətirər, axmaqcasına baş verən həya isə cəhalət.” (Kafi c 2, s 106)
Məsumların hədislərində qeyd olunan həya növlərinə də toxunulur:
a)Bəyənilən həyalar:
1.Allah və mələklərdən utanmaq
Allahın Elçisi: “Qonşularından həya etdiyin kimi, Allahdan da həya et! Çünki Allahdan həya etmək yəqini artırar.” (Bihar c 75, s 200)
2.Özündən həya etmək
Əli (ə): “İnsanın özündən həya etməsi imanının səmərəsidir.” (Uyunul-hikəm s 121)
Yenə o Həzrət buyurur: “Aşkarda etməyə utandığın işdən gizlində də çəkin. Həmçinin insanlara nisbət verildiyi zaman inkar etdikləri və üzür istədikləri işlərdən də uzaq ol.” (Həmin mənbə s 231)
3.Naməhrəmlə münasibətdə həyalı olmaq
“Sonra (Şüeybin (ə) qızından) biri həya edərək (Musanın) yanına gəlib dedi” (Qisəs surəsi, ayə 25).
b)Bəyənilməyən həyalar:
1.Gözəl əməlin tərkinə səbəb olan həya
Peyğəmbər (s): “Heç bir işi riya ilə görmə və həya edib tərk etmə.” (Tuhəful-uqul s 58)
2.Elmli olmağa maneə olan həya
Əli (ə): “Heç kim bilmədiyi şeyi öyrənməkdən utanmasın.” (Nəhcül-bəlağə 82-ci hikmət)
3.Bilməməyi etiraf etməyə qoymayan həya
Əli (ə): “Heç kim bilmədiyi bir şey barədə soruşulduqda “bilmirəm” deməyə utanmasın.” (Həmin mənbə)
4.Qonağa qulluq etmək
Əli (ə): “3 şey var ki, görüldüyü zaman həya olunmamalıdır; qonağa qulluq etmək, ata anaya hörmət olaraq ayağa qalxmaq, öz haqqını az da olsa tələb etmək.” (Uyunul-hikəm s 212)
5.Haqqı deməyə maneə törədən həya
Əli (ə): “Haqqı deməyə utanan şəxs axmaqdır.” (Ğurərul-hikəm s 628)
6.Yardım etmək
Əli (ə): “Az miqdarda yardım etməkdən utanma, çünki ümüdsüz qoymaq ondan daha azdır.” (Nəhcül-bəlağə 67-ci hikmət)
İslamazeri.com "Islamquest"ə istinadən...