header

 İsraildən gözlənilməz “sürpriz”: "İranı şiələrin əli ilə vurmaq istəyirlər"

“Bəhreyn əmiri isə məhz Səudiyyə Ərəbistanının sayəsində hakimiyyətdə qala bilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bəhreynin İsrail və ABŞ-ın təsiri ilə antiİran cəbhəsinə keçməsini şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə hesab edir ki, əhalisinin əksəriyyəti şiə olan Bəhreynin İsrail və ABŞ-ın yanında yer tutması həm də İrana qarşı mənəvi zərbə kimi dəyərləndirilə bilər:

“Baxın, bu məsələdə tərəflər kimlərdir. İsrail – təcavüzkar, işğalçı dövlətdir, bir xalqın ərazilərini zəbt edib, onu öz torpağında qaçqına çevirib, bölgədə beş-altı dağıdıcı müharibənin baiskarı olub, aparteid rejimi qurub. Özləri etiraf ediblər ki, son illərdə neçə dəfə Suriyanı əsassız yerə bombalayıblar.

İsrail və ABŞ bütün dünyaya qarşı təcavüzkar siyasət yürüdür, istədikləri ölkələrə hücum edərək, oranı viran qoyurlar.  Yaxın Şərq, İraq, Yəmən, Əfqanıstan, Liviya, Suriya xarabazara dönüb. Bunu kim edib? Dünyaya demokratiyadan dərs deyən Qərb.

Sionizm ideologiyasına əsaslanan İsrail onunla hesablaşmayan dövlətləri ram etmək üçün istənilən vasitəyə əl atır. İndi də İranı hədəfə alıblar. ABŞ prezidenti Donald Trampın da bunda marağı var. Trampın kürəkəni və qızı sionistdir. Özü isə İranın sıradan çıxarılması planında İsraillə eyni mövqedədir.

Digər tərəfdən, Trampın ABŞ-da siyasi mövqeyi kifayət qədər zəifdir. ABŞ-da bu ilin noyabrında keçiriləcək aralıq seçkilərində Demokrat Partiyasının Senat və Nümayəndələr Palatasında üstünlük əldə edəcəyi gözlənilir. Bundan sonra isə Trampın impiçment məsələsi mütləq qaldırılacaq və böyük ehtimalla onu yola salacaqlar.

Tramp da bu gedişatı dəyişmək üçün yeni müharibə provakasiyasına getməyi düşünür. Müşavirləri ona belə tövsiyələr verirlər ki, vəziyyəti xilas etməyin yolu yeni müharibəyə başlamaqdır.

Xatırladım ki, ABŞ-ın sabiq prezidenti Bill Klintonun Monika Levinski ilə eşq macərası üzə çıxanda da ona qarşı impiçment prosedurlarına başlanıldı. Klinton o zaman vəziyyətdən çıxmaq üçün keçmiş Yuqoslaviyaya qarşı hərbi əməliyyatlara başladı və bununla da kürsüsünü qoruya bildi.

İsrail görür ki, onun işğalçılıq siyasətinə qarşı dayana bilən iki müsəlman ölkəsi qalıb: Türkiyə və İran. Türkiyə güclü, həm də NATO üzvü olduğu üçün ona gücü çatmır. Belə olduqda, bütün diqqət İrana yönəldilib. Ancaq İran da İsraillə ABŞ-ın viran qoyduğu ölkələrlə müqayisə ediləcək ölkə deyil. Ora hər hansı hərbi müdaxilə olarsa, buna layiqli cavab veriləcək.

ABŞ və İsrailin Bəhreyni İran əleyhinə koalisiyaya cəlb etməyi də təəccüblü deyil. Bəli, Bəhreyn əhalisinin əksəriyyəti şiədir. Lakin hazırda Bəhreyn Səudiyyə Ərəbistanının işğalçı qoşunlarının tapdağı altındadır. Bəhreyn əmiri isə məhz onların sayəsində hakimiyyətdə qala bilir.

Buna görə də, Bəhreynin antiİran koalisiyasına cəlb olunmasında gözlənilməz heç nə yoxdur. Bununla həm də İrana mənəvi zərbə vurduqlarını düşünürlər”.

Qeyd edək ki, Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd ötən gün özünün “Twitter” səhifəsində İrana qarşı demarş, İsrailə yönəlik isə reverans olaraq qəbul edilən status paylaşıb:

“Nə qədər ki, İran regiondakı mövcud status-kvonu pozur, güc tətbiq etməklə dövləti savaş meydanına çevirməyə çalışır, istənilən dövlətin, o cümlədən İsrailin özünü müdafiə etmək və təhdid mənbəyini məhv etmək hüququna malikdir”.

Bəhreynli nazirin bu paylaşımı sözügedən ərəb ölkəsinin İsrail və ABŞ-ın İran əleyhinə hazırladıqları plana cəlb edildiyinin təsdiqi kimi qarşılanıb.

A.Zeynalov

“Bəhreyn əmiri isə məhz Səudiyyə Ərəbistanının sayəsində hakimiyyətdə qala bilir”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap