Tale Bağırzadə: "Mənim həbsimin yeganə səbəbi..."
Posted on : Digər sahələr 04/25/2018
akı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadənin şikayəti ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Apelyasiya şikayəti ilahiyyatçının 20 illik cəzasının həbsxanada üzərindən yaddaş kartları tapılması ittihamıyla daha üç ay artırılması barədə Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli hökmündən verilib.
Tale Bağırzadə isə bildirib ki, ona edilən ittihamlar siyasi motivlidir:
"Bu gün istənilən təcridxanaya, "zon"a, cəzaçəkmə müəssisəsinə getsəniz, görərsiniz ki, bütün dustaqlar bu kartlardan istifadə edir. Sadəcə mənə bu ittihamın verilməsi sübut edir ki, bu iş siyasi motivlidir. Mənim həbsimin yeganə səbəbi öz polisini öldürəcək qədər şərəfsiz olan rejimə etiraz etməyimdir".
O, Müsəlman Birliyi Hərəkatına qarşı təzyiqlər olduğunu deyib:
"Bizim Nardaran hadisəsi ilə bağlı koalisiya yaratmaq təşəbbüsümüz hakimiyyəti narahat edir. Buna görə Müsəlman Birliyi Hərəkatına təzyiqlər olunur. Amma bilsinlər ki, biz onları kreslolarında rahat oturmağa qoymayacağıq. Bunlar fikirləşirlər ki, Qobustan həbsxanası ən ağır cəzadır. Amma and olsun, mən orada çox rahatam. Çünki haqq yolunda həbs olunmuşuq. Qobustan əksinə bizim üçün bir tribunaya çevrildi. Mən bu məhkəmənin hökmündən də narahat deyiləm. Xalq bizim barəmizdə çoxdan bəraət hökmü verib. Biz Allahın məhkəməsindən qorxuruq. Həmin məhkəmədə üzümüz ağ olsun deyə, "dilsiz şeytan" sayılmayaq deyə, bu rejimə qarşı etiraza qalxmışıq".
Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə heyəti Qaradağ Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanıldığını elan edib.
T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib. İlahiyyatçı bu cəzanı çəkmək üçün Qobustan həbsxanasına köçürüləndən sonra haqqında yenidən cinayət işi başlanıb. O, gizli şəkildə yaddaş kartları saxlamaqda ittiham olunub.