İran hərbi hava qüvvələri ikigünlük intensiv təlimlərə başlayır
Posted on : iran 10/30/2017
Təlimlərdə İranın bütün hərbi hava bazaları iştirak edəcək.
İran İslam Respublikasının hərbi hava qüvvələri ölkədə nəzarətində olan bütün hərbi bazaları cəlb etməklə irimiqyaslı təlimlərə başlayır.
İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, "Vilayət hərəminin fədailəri - 7" adlı təlimlərə sabah start veriləcək və iki gün davam edəcək. Əməliyyatlar üzrə mətbuat xidmətinin rəhbəri briqada generalı Məsud Ruzxoş bəyan edib ki, İsfahan əyalətindəki Şəhid Babayi adına hərbi hava bazası təlimlərin icrası üçün əsas rol oynayacaq.
Təlimlərdə "Sukhoi-24", F-4, F-5, F-7, F-14, "MiG-29" və "Saiqə" bombardmançı təyyarələri, eləcə də müdafiə və yanacaqdolduran təyyarələr, pilotlu və pilotsuz kəşfiyyat qurğuları, "Boeing-707" və "Boeing-747" yük təyyarələri, maddi-texniki dəstək qurğuları iştirak edəcək. Təlimlərdə hava-yer, yer-hava atışları icra olunacaq, həmçinin hava-hava tipli yüksək dağıdıcı raketlərlə atışlar, eləcə də hava atəşinə nəzarət və kəşfiyyat uçuşları icra olunacaq. İstifadə olunacaq raketlər isə lazerlə, televiziya ilə, radarla və termal sistemlə idarə olunan siniflərdən olacaq.