İMAM HÜSEYNİN (Ə) NƏZƏRİNDƏ KƏRBƏLA İNQİLABININ FƏLSƏFƏSİ (2)
Posted on : Aşura 10/16/2017 1:00:35 PM
İMAM HÜSEYNİN (Ə) NƏZƏRİNDƏ KƏRBƏLA İNQİLABININ FƏLSƏFƏSİ (2)
Qanlı Kərbəla
inqilabının rəhbəri imam Hüseynin (ə) nəzər və kəlamlarını araşdırdıqda, onun fəlsəfəsini
iki qismə bölmək olar: “Əmr be məruf” (yaxşılığıa dəvət) və “nəhy əz münkər”
(çirkinlikdən çəkindirmə) ünvanı ilə təşəkkül tapan əsas amillər və sürətləndirici
amillər:
a) Əsas amillər
(yaxşılığa dəvət və pislikdən çəkindirmə):
“Aşura”nın ən
mühüm hədəf və fəlsəfəsi “əmr be məruf” (yaxşılığıa dəvət) və “nəhy əz münkər”
(çirkinlikdən çəkindirmə) adlı vacib əməlin icrası idi. Çirkin əməllər içərisində
fasid və zülmkar siyasi rejimin aradan qaldırılması bu hərəkatın ilkin və ən önəmli
hədəfi sayılır. Əlbəttə, onun aradan qaldırılması Kufə əhalisinin yardımı ilə
mümkün olacaqdı. Amma onların vafasızlığı ilə, yenə də bu hədəfin önəmliyini
azaltmadı və imam Hüseyn (ə) və dostları canlarını qurban vermək və şəhadət
yolunu seçməklə Yezidin xilafət məqamına və müsəlmanların rəhbərliyinə ləyaqətsizliyi,
onun “şeytan”a itaəti və “rəhman Allah”a itaətsizliyi, zülmkar olması və müxtəlif
fəsadların mənşəyinə çevrilməsinə dair kəlamlarını camaatın qulağına çatdırdı.
İmam (ə) həqiqətdə Yezid rejimi və ümumiyyətlə, Əməvilər hakimiyyətinin məhvi
ilə sonuclanan ilk mərhələnin əsasını qoydu və öz qəhrəmanlığı ilə Yezidin şəri-dini
dayağını lərzəyə gətirib müsəlmanları vəhşət və qorxu, qəflət və nadanlıqdan
çıxartdı:
1. Haqq rejimin
bərpası: Təbii ki, imam Hüseynin (ə) Əməvilər
hakimiyyətinin süqutundan sonrakı mərhələ üçün də proqramı vardı. O həzrət
Süfyanilər rejiminin dağılması ilə Əhli-beyt (s) hökumətinin qurulmasını təklif
verir və buyururdu: “Biz Əhli-beyt hakimiyyətə və camaatın rəhbərliyinə yalandan
sahib olmadıqlarını iddia edənlərdən daha çox layiqik; onlar sizin aranızda
zülm və zorakılıqla hökm sürürlər.” (“Tarixi-Təbəri”, 5-ci cild, səh.402; “Bərtərin
hədəf və bərtərin nəhad”, tərcümə: Doktor Məhəmmədməhdi Cəfəri, səh.88-89.)
İmam Hüseynin (ə)
təklif etdiyi hökumət proqramları və Əhli-beyt (ə) rəhbərliyinin səciyyələri
zülmkar Əməvi rejiminin müqabilində idi; yəni ölkənin idarəsində zülmkar
hakimin yerinə ədalətli bir rəhbərin keçməsi.
2. Dinin və
onun dəyərlərinin dirçəldilməsi: Şeytana
itaəti və Allaha itaətsizliyi adiləşdirən Yezid rejiminin müqabilində imam
Hüseyn (ə) ilahi hökmlərin icrası, Allaha itaət və şeytan xəttinin və onun
siyasətlərinin aradan qaldırılması ilə din və onun qanunlarının dirçəlməsini
düşünür və öz inqilabını bu hədəf istiqamətində tənzimləmişdi.
3. İslahat
proqramları: Yezid və ümumiyyətlə, Əməvilər,
onların qohum-əqrəbası və həmfikirlilər aşkar şəkildə fəsadla məşğul olurdular.
İmam Hüseyn (ə) öz inqilabının fəlsəfəsinin əsas maddələrindən biri kimi, fəsadın
aradan qaldırılması, camaatın işlərinin sahmana salınması, onların iqtisadi,
siyasi və mədəni fəsadlardan qorunması və bir sözlə, şərəfli və məqsədəuyğun həyatın
təmin olunması üçün islahat fikrinə düşdü.
4. İlahi əhd-peymanların
icrası: Allah-Taala peyğəmbərləri,
xüsusən, onların ən şərəflisi olan sonuncu peyğəmbər həzrət Muhəmmədi (s) göndərməklə
insanlardan əhd-peyman aldı ki, özləri ilə Allah arasındakı əlaqələrində ilahi
tövhid və yeganəpərəstlikdən əl çəkməsinlər, başqalarını Ona ibadətdə şərik
qoşmasınlar, camaat arasında insaf və ədalətlə rəftar etsinlər, hər növ
zülmkarlıq, haqsızlıq, ədalətsizlik və ayrıseçkilikdən uzaq olsunlar.
5. İslam Peyğəmbərinin
(s) sünnəsinin dirçəldilməsi: İslam
Peyğəmbərinin (s) İslam ümmətinə rəhbərliyi və ilahi dinin təbliğatında aydın
yolu və sünnəsi olsa da, təəssüf ki, o həzrətin vəfatından sonra bu sünnə tədricən
unuduldu və Yezidin hakimiyyəti dönəmində ondan kiçik bir nişanə belə gözə
çarpmırdı. Camaat da həmin sünnə və dəyərlərdən çox uzaqlaşmışdı. İmam Hüseyn (ə)
İslam Peyğəmbərinin (s) övladı, elmi və dini canişini, böyük rəhbər və din
alimi kimi həmin sünnəni dirçəltmək fikrinə düşdü və o həzrətin sünnə və məramının
icrasını öz inqilabının fəlsəfəsi kimi tanıtdırdı.
6. İlahi
qanunlar və cəza tədbirlərinin icrası: Yezidin
hakimiyyəti zamanı ilahi qanunlar və cəza tədbirləri tətil olunmuşdu. İmam
Hüseyn (ə) öz inqilabının hədəflərindən biri kimi, ilahi qanunlar və cəza tədbirlərinin
icrasını qarşısına məqsəd qoymuşdu. Qurani-Kərimin buyurduğu kimi, “fil-qisasi
həyatun” – “bəşəriyyətin həyatı cəza tədbirlərinin icrasından
asılıdır” və əmin-amanlıq və təhlükəsizlik məhz cəza tədbirlərinin
icrası sayəsində mümkündür.
7. İctimai ədalət: İmam Hüseyn (ə) varlı təbəqəyə üstünlüyü və “beytül-mal”ın
(ümumi gəlir) bölüşdürülməsində ayrıseçkiliyi Yezid rejiminin fəsad və qaranlıq
nöqtəsi bilirdi. Bu səbəbdən də, ədalətin bərpası, fasid təbəqələşmə rejimi,
istismarsıçılıq və quldarlığın aradan qaldırılması “Aşura” inqilabının fəlsəfəsinin
bir hissəsini təşkil edirdi.
8. Şəhadət mədəniyyətinin
tanıtdırılması və genişlənməsi: Bir tərəfdən
halalı haram, haramı isə halal bilmək, digər tərəfdən də, camaatı zülmkar hakim
və hakimiyyətin kölgəsi altında yaşamağa adət etdirmək və hər bir şəraitdə
ölümdən qorxmaq Yezid rejiminin xüsusiyyətlərindən bir hissəsini təşkil edirdi.
İmam Hüseyn (ə) həyatının son anlarına qədər bu fəsad və çirkinliklərin aradan
qaldırılması və onunla mübarizə aparmaq üçün şəhadət mədəniyyətinin genişlənməsinə
təkid edirdi. O həzrətin qalan əhli-beyti də bu mədəniyyəti layiqincə təbliğ
etdi və Kərbəla inqilabının fəlsəfəsini əziz tutdu. Yezidlə beyət bu hədəflərin
heç biri ilə uzlaşmırdı. Onun rejiminin aradan qaldırılması və yaxud bu yolda şəhadət
iftixarı imam Hüseynin (ə) ən mühüm hədəflərindən idi.
b) Sürətləndirici
amillər:
1. Yezidin öz
valisi Vəlid ibn Üqbəni imam Hüseydən (ə) beyət almağa dəvət etməsi Kərbəla
inqilabının sürətini artıran və onun zamınını tezləşdirən amillərdən biri idi.
2. Kufəlilərin
imam Hüseyni (ə) dəvət etməsi də ikincidərəcəli və sürətləndirici amillərdən
sayılırdı. Çünki Müaviyənin hakimiyyəti dönəmində də Kufə əhalisinin dəvətindən
söz gedirdi. Bu məsələ tədricən aşkar olundu və Mərvan ibn Həkəmin Müaviyəyə,
onun da imam Hüseynə (ə) məktub yazmasına səbəb oldu. Əgər Kufə əhalisinin dəvəti
təyinedici amillərdən olsaydı, o həzrət elə Müaviyənin dövründə qiyam edərdi.
Lakin tarixdə göstərilir ki, inqilabın dini-şəri şəraitini hazırlayan Yezidin vəliəhdliyi
və hakimiyyəti dönəmində imam Hüsüyn (ə) Kufə əhalisinə cavab olaraq Kufəyə
doğru yola düşdü və həmin şərəhi öz inqilabının mərkəzi seçdi. Kufə əhalisinin
inqilabın sürətlənməsi və onun məkanının təyin olunmasında rolu inkaredilməzdir.
(“Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, 3-cü
fəsil – Əhli-sünnə baxımından Kərbəla inqilabının fəlsəfəsi.)
Tərcümə
etdi: Rza Şükürlü (Maide.az)