Azərbaycanlıların Suriyaya getməsinə səbəb olan sirli məktub – Şok
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 12:59:31 PM
Suriyada döyüşən “Əl-Ənsar“ qruplaşmasının üzvü Akbar Şam orada döyüşən azərbaycanlılarla bağlı təşkilata yaxın saytlarda maraqlı bir məqalə dərc etdirib
Ərdəbil Məhde Təşəyyo - xəbər verir ki, A.Şam Suriya cihadına qoşulan Zeyd (Zayda) adlı bir şəxsin məktubundan danışır.
Yazıdan məlum olur ki, bir çox gəncin Suriya cihadına qoşulmasına
səbəb məhz bu məktubdur. Məktub audio formasında yayılıb. Burada
Çeçenistandan olan Zeydin Suriyaya gəlişi öz əksini tapır.
A.Şam yazır: “Yer kürəsinin hər yerindən, müxtəlif xalqlardan,
müxtəlif irqlərdən olan insanlar Şamda cihada gəlir. Bu mücahidlərdən
bəzilərinin həyatı diqqət çəkir və bir növ öyüd-nəsihət yükü daşıyır.
Mən Azərbaycan torpaqlarından olan gənc bir qardaşdan Zeydin tarixçəsini
öyrəndim. Biz çay süfrəsinə oturduq və söhbətə başladıq. Mənim gənc
azəri qardaşımın necə cihada qoşulması ilə maraqlanıram. Demək olar ki,
hər yerdə cihada qarşı bürokratik əngəllər mövcuddur. O, əvvəlcə cihad
haqqında fikirlərinin qarışıq olduğunu inkar etmir. Lakin Məhəmməd Arqu,
Səid Buryat və digərlərinin mühazirələrini dinlədikdən sonra haqq
yoluna çıxır və cihada könül verir.
Mənim gənc həmsöhbətim əlavə edir ki, Şam torpaqlarına cihad etmək
üçün hicrətimə (ərəbcə köçmək- red) birbaşa səbəb Zeydin məktubu oldu.
Bu məktubu dinlədikdən sonra az qala kiminsə məni itələdiyini hiss
etdim. Sanki içimdən kimsə “get cihad elə, nə qədər oturmaq və gözləmək
olar” deyirdi. Bu çox sirli məktub idi, çox təsirli idi.
Zeydin hansı məktubundan danışdığını soruşuram.
– Bu, audio yazıdır. Gənclər arasında məşhurdur. Zeyd çeçen dilində bu
məktubu qardaşlara ünvanlayıb. O, təkcə qardaşlara göndərmişdi, amma
necə oldusa, internetə də sızdı. Hansı ki, biz onu gizli saxlamağa
çalışırıq və yalnız qardaşlar arasında yayırıq.
Gənc qardaşım telefonundakı audio məktubu tərcümə etdi, onu dinlədim və çox təsirləndim”.
Daha sonra cihadçı Zeydin hekayəsindən bəhs edir. Məktubun qısa məzmunu
belədir: Zeyd Çeçenistanda təqib olunur və gizli yolla sərhədi keçmək
istəsə də, bu baş tutmur. Daha sonra o, adını çəkmədiyi Rusiyanın başqa
bir şəhərinə yola düşür. Çox çətinlikdən keçən Zeyd şəhərə çatanda
qalmağa yeri olmur və soyuq onu dondurur. Məcbur olub ticarət
mərkəzlərinin birinə girir. Amma “axşam bura bağlanacaq, o zaman nə
edəcəm” deyə düşünür, daim Allahdan ona kömək etməsini xahiş edir. Axşam
ticarət mərkəzindən çıxmağa məcbur olan Zeyd qalın qarla örtülmüş
küçədə bir nəfərlə rastlaşır. O, həmin adamın “qardaş” olduğunu anlayır.
Həmin adam ona kömək edir və getmək istədiyi yerə yola salır.
Daha sonra üç qardaşla qarşılaşır. (Amma heç bir ad çəkilmir-red). Onlar
onu doğma insan kimi qulluq edirlər. Beləliklə, onu sərhəddən keçirib
Suriyaya yola salırlar. Təyyarə ilə Suriyaya gələn Zeydi orada
qarşılayırlar və bir müddət dincəldikdən sonra cihadçıların sırasına
qoşulur.
“İndi mənim ən böyük arzum sizin də buraya gəlməyinizdir. Cihaddan
başqa yol yoxdur. Allah sizə səbir verəcək”, - deyən Zeyd digər
müsəlmanları da heç nədən çəkinmədən Suriyaya, cihada dəvət edir.
Akbar Şam isə bildirir ki, onun gənc dostu azəri qardaşın Zeydlə qarşılaşması maraqlı olub.
“Suriyaya gəlib, əvvəlcə Lazkiyəyə düşdüm. Orada Qafqazdan olan çoxlu
mücahid var idi. Bir dəfə oturub müxtəlif mövzularda söhbət edirdik.
Mən onlara Zeydin məktubundan danışdım. Onlar mənə qulaq asır və
gülümsəyirdilər. Qəribə idi. Sonra mənə bir mücahidi göstərirlər və
“sənin Zeydin budur, səninlə qarşı-qarşıya oturub” deyirlər. Hansı ki,
mən və Azərbaycandan olan bir çox qardaş Zeydin məktubunu dinlədikdən
sonra cihada qoşulmuşduq”, - Azərbaycandan olan mücahid bildirir
Qeyd edək ki, adıçəkilən Zeyd bir neçə ay öncə döyüşlərdə öldürülüb.