Bu haqda vəkil Cavad Cavadlı məlumat verib.
Avropa
İnsan Hüquqları Məhkəməsindən (AİHM) vəkilə göndərilən məktubda yazılır
ki, sentyabrda 3 dindarın - Cavid Məmmədovun, Zülfüqar Mikayılovun və
Elman Ağayevin şikayətləri üzrə hökumətlə kommunikasiyaya başlanılacaq.
Şikayəti
araşdırılan ilahiyyatçı Cavid Məmmədov 2012-ci il oktyabrın 17-də həbs
olunub. O, qanunsuz silah saxlamaqda ittiham edilib.
İlahiyyatçı
2013-cü il fevralın 1-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1 il
azadlıqdan məhrum edilib. Müdafiə tərəfi ilahiyyatçıya ittihamın əsassız
olduğunu bildirərək yuxarı məhkəmələrdən ona bəraət verilməsini tələb
ediblər. Ancaq ona bəraət verilməyib.
AİHM
həmçinin, 2015-ci ildə baş vermiş Nardaran olayları zamanı həbs edilmiş
Zülfüqar Mikayılov və Elman Ağayevin şikayətlərini araşdıracaq.
2015-ci
il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin
Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla,
6 nəfər həlak olmuşdu. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis
əməkdaşlarına silahlı müqavimət göstərib və ölümlər bu qarşıdurmada baş
verib.
Nardaranda
və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə
70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox
göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı
ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama
isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini
nifaq salma və s.) ittihamlar verilib.
Üç
qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin
məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, digərlərinə isə
10 ildən 19 ilədək həbs cəzası verilib.
Daha iki qrupun məhkəməsi davam edir. Bu yaxınlarda isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.
Təqsirləndirilənlər
ittihamları qəbul etmir, saxlanarkən və dindirilmədə işgəncələrə məruz
qaldıqlarını bildiriblər. Ancaq məhkəmədə ifadə verən hüquq mühafizə
orqanlarının əməkdaşları işgəncə şikayətlərini qəbul etməyiblər.
Zülfüqar
Mikayılov və Elman Ağayev də həmin vaxt həbs edilənlərdir. Onlara qarşı
irəli sürülmüş ittihamlara hazırda məhkəmədə baxılır. Dindarlar bu
şikayətlərində məhkəməyə qədər qanunsuzluqlarla üzləşdiklərini iddia
edirlər