“Bizim
sözümüzü Mətbuat Şurası deyib. Mətbuat Şurasının üzvüyəm. Mətbuat
Şurası da Mehman Əliyevin buraxılması ilə bağlı hörmətli prezidentimizə,
möhtərəm prezidentimizə müraciət edib. Biz o müraciətdə də hər sözümüzü
demişik”, - deputat, “Ədalət” qəzetinin redaktoru, Mətbuat Şurasının
üzvü Aqil Abbas “Turan” İnformasiya Agentliyinin direktoru Mehman
Əliyevin həbsi ilə bağlı danışarkən belə deyib.
O,
AzadlıqRadiosu-na Mehman Əliyevin buraxılacağına inandığını da
söyləyib: “İnşallah, inanıram ki, onu buraxacaqlar. Biz bir ziyalının,
bir jurnalistin həbsdə qalmasını istəmərik. Möhtərəm prezidentimizə
müraciət etmişik. Yəqin ki, cavabımızı da alacağıq”.
Bu
həbsin “siyasi sifariş” olması haqda suala isə deputat cavab verməkdən
yayınıb: “Dedim də sizə. Mən müraciəti imzalamışam. Bütün Mətbuat
Şurasının üzvləri ilə birgə imzalamışam. İndi də gözləyirik”.
Deputat
Asim Mollazadə isə “Turan” İnformasiya Agentliyinin direktorunun
həbsinin “siyasi sifariş” olması haqda ehtimallara əsas vermir. Deputat
fikrini belə əsaslandırır: “Mən “Turan” agentliyinin radikal mövqeyini
görmürəm və buna görə də siyasi motivlərdən danışmağa səbəb də görmürəm.
Əslində, vergilərlə bağlı hansısa pozuntulara yol verilməsi istisna
deyil”.
Bununla belə,
Asim Mollazadə hesab edir ki, istintaq araşdırması zamanı Mehman
Əliyevin həbsinə gərək yox idi. O, həmin fikri qısa açıqlamada bir neçə
dəfə təkrar edir.
“Dekriminasiya
ilə bağlı bir fərman var. Yəni həbs qətimkan tədbiri seçilmədən də
istintaq davam etdirilə bilərdi. Mənə elə gəlir, onunla bağlı həbs yox,
fərqli bir seçim edilməsi daha düzgün olardı. Bu da eyni zamanda,
beynəlxalq ictimaiyyətə mesaj ola bilərdi ki, həmin hadisə real olaraq
vergilərlə bağlıdır və araşdırmalar davam etdirilir. Fikrimcə, hansısa
pozuntular olubsa, bu istiqamətdə araşdırmalar aparılırsa, bununla bağlı
həbs qətimkan tədbirinin istifadə edilməsi düzgün deyil”, - deputat
izah edir.
Asim
Mollazadənin qənaətincə, bu üzdən də indiki məqamda media rəhbərlərinin
bu məsələylə bağlı narahatlığının səbəbi də “tam aydındır”.
Xatırladaq
ki, avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan”
İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqqında noyabrın 7-nə
kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1
(vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham
irəli sürülüb.
Vergilər
Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi
yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən
yayındırılıb. Ancaq Mehman Əliyev ittihamları qəbul etmir.
Avqustun
17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi
bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
“Turan”
İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən
fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmağa məcburdurlar.