İşğalçının taleyi həm də Bakıda həll olunur
Posted on : Ana Səhifə 10/16/2017 1:00:32 PM
Üç ölkə arasında sıxılan Ermənistan; Moskva, Ankara və Bakı arasında ortaq iş birliyi ehtimalının artması düşməni daha da təlaşlandırıb; Türkiyə ilə sərhədlərin açılması ən çox kimə lazımdır, uduşda kim olacaq; politoloqlar deyir ki…
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə gömrük razılaşması imzalamaq niyyətində olduğu barədə açıqlaması hələ də müzakirə mövzusudur. Bu açıqlama Ermənistanda hətta sevinclə qarşılandı. Erməni mətbuatı isə yazdı ki, guya Türkiyənin belə bir razılaşma imzalayacağı təqdirdə İrəvana Ankaranı sərhədləri qeyd-şərtsiz açmağa vadar etmək üçün bir şans yaranacaq.
Diqqət çəkən odur ki, Ermənistanda bağlı sərhədlərin açılmasını
istəyənlər, hər halda, çoxluqdur. Bəs səbəb? İlk baxışda bu, Qarabağa
görə blokadada saxlanılan işğalçı ölkənin iqtisadiyyatını xilas eləmək
istəyi ilə əlaqəli görünə bilər. Ancaq başqa, heç də az önəm kəsb
etməyən motivlər də yox deyil.
*****
Ondan başlayaq ki, bugünlərdə rusiyalı tanınmış tarixçi alim və
analitik, Qarabağ məsələsində ədalətli mövqeyi ilə seçilən Oleq
Kuznetsov mətbuata açıqlamasında maraqlı bir fikir söyləyib. Həmin fikir
Rusiyanın nədən Ermənistanın zəif, asılı durumda qalmaq istəməsinin
daha bir motivi barədə idi. Analitikin sözlərinə görə, Rusiya heç də
“xristian” amili səbəbilə yox, başqa səbəblərdən İrəvana dəstək verir.
Onun qənaətincə, bu da odur ki, Rusiya öz iqtisadiyyatını inkişaf
etdirmək, ölkədəki qara işləri görmə, üçün ucuz işçi kütləsinə böyük
ehtiyacı duyur. Sitat: “Moskvanın küçələrində asfalt və daş plitələr
qoymaq üçün müəyyən əmək vərdişləri Cənubi Qafqazda ermənilərdə, Mərkəzi
Asiyada özbəklərdə var. Ucuz işçi qüvvəsi ilə bu işə sərf olunacaq pulu
yarıbayarı azaltmaq və ya mənimsəmək mümkündür. Ona görə də
Ermənistandakı iqtisadi gərginlik Moskvaya sərf edir. Çünki bunun
sayəsində Rusiyaya minlərlə ucuz erməni işçi qüvvəsi gəlir. Rusiyada bu
insanlar tam qul kimi yaşayırlar”.
Politoloq əmindir ki, bu ucuz işçi kütləsi Ermənistan hakimiyyəti ilə qarşılıqlı razılaşmanın bəhrəsidir. “Ermənistanı
bu bataqlıqda saxlamaq və bundan öz iqtisadi-siyasi maraqları üçün
istifadə etmək! Serj Sərkisyanın ”Qarabağ klanı” hakimiyyətdə olduqca,
bu, belə də davam edəcək” – o əlavə edib.
Yəni qənaət hasil olur ki, Ermənistanda ağır sosial-iqtisadi durumun
qalması həm də Moskvaya bu ölkədən ucuz işçi qüvvəsi kimi də gərəkdir.
*****
Bu arada Rusiyadakı sorğu mərkəzlərindən biri ölkədəki əmək miqrantları
ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Musavat.com-un
novostink.ru saytına istinadən verdiyi xəbərə görə, sorğu müəyyən edib
ki, Rusiyadakı erməni əmək miqrantlarının 72,1%-i Rusiyada qalmağı
planlaşdırır. 11,9%-i daim Rusiya ilə Ermənistan arasında gedib-gəlmək
fikrindədir. 5.2%-i isə bir neçə il işlədikdən sonra Ermənistana dönmək,
3,3%-i pul qazanandan bir neçə ay sonra çıxıb getmək istədiklərini
bildiriblər.
Göründüyü kimi, Ermənistanı tərk edən ermənilərin mütləq əksəriyyəti heç
vaxt geri dönmək niyyətində deyil. Son illər, xüsusən də ötən ilin
aprelindəki 4 günlük müharibədən sonra Ermənistandan emiqrasiya xüsusilə
böyük vüsət alıb. Yerli sosioloq və demoqrafiya üzrə ekspertlərin də
etiraf elədiyi kimi, bu templə bir neçə ilə ölkədə cəmi 2 milyon adam
qalacaq – onun da çox hissəsini qocalar və əmək qabiliyyəti olmayanlar
təşkil edəcək.
Söz yox ki, Türkiyə ilə sərhədlərin açılması ilk növbədə emiqrasiya
amilinə öz təsirini göstərəcək. Ermənilər çörəkpulu qazanmaq üçün uzaq
Rusiyadansa, əlverişli bazarları olan yaxın Türkiyəni tərcih edəcəklər.
Bu isə Rusiya üçün həm də erməni əmək miqrantları timsalında ucuz işçi
qüvvəsini xeyli dərəcədə itirmək anlamına gəlir.
Bundan əlavə, ermənilərin qardaş ölkəyə axışması Ermənistanın olan-qalan
iqtisadiyyatını və əhalisinin dolanışığını bu dəfə Türkiyədən asılı
duruma salacaq ki, bu da çətin ki, Kremlin cari və perspektiv
maraqlarına cavab versin (indinin özündə Türkiyədə on minlərlə erməni
miqrant var).
*****
Bu mənada Avrasiya İqtisadi Birliyinə üzvlüklə Türkiyə və Ermənistan
arasında sərhədlərin açılması və diplomatik münasibətlərin yaradılması
Moskvanın yaxın perspektiv maraqlarına əslində uyğun kimi görünmür.
Hərçənd fərqli fikirlər də var. Məsələn, keçmiş dövlət müşaviri,
politoloq Qabil Hüseynli hesab edir ki, bu gün Türkiyənin Avrasiya
İqtisadi Birliyinə üzv olması Rusiyaya hava-su kimi lazımdır (axar.az).
Onun zənnincə, Rusiya Türkiyə kimi bir dövləti Avrasiya İqtisadi
Birliyinə üzv etsə, dünya ictimai rəyində NATO-nu öz tərəfinə çəkmək
kimi bir fikir formalaşdıracaq: “Rusiya bununla bir güllə ilə
iki dovşan vurmaq istəyir. Avrasiya İqtisadi Birliyi ideyasını yenidən
gündəmə gətirir və ictimai rəydə bu birliyin perspektivləri barədə
pozitiv rəy yaradır. Bununla birgə Türkiyənin NATO-dan çıxarılması
məsələsinin gündəmə gələcəyini bilərək, əvvəl Avropa Birliyini
parçalamağa çalışırdısa, indi NATO-ya qarşı bu fikrə düşüb. Əgər Türkiyə
NATO-dan çıxarsa və ya çıxarılarsa, bu, Rusiyanın böyük zərbəsi olacaq.
Bu addımla Rusiya öz yolunu təmizləyəcək. Son zamanlar NATO Rusiya
sərhədinə doğru irəliləməkdədir. Xüsusilə Gürcüstanda təlimlərin
keçirilməsi, daimi NATO nümayəndəliyinin açılması, Ukraynanın NATO-ya
can atması onu göstərir ki, NATO Rusiya sərhədləri boyunca bərqərar
olmaqdadır”.
Politoloqa görə, Ankara bu məsələlərdə müəyyən hədəflər nəzərdə tutur: “Türkiyə
Gömrük Birliyinə daxil olmaqla nəhəng Rusiya bazarına rüsumsuz məhsul
idxalını çoxaltmaq, xarici ticarət dövriyyəsini daha da artırmaq kimi
hədəfləri nəzərdə tutub. Amma Türkiyənin Avrasiya İqtisadi Birliyi
ideyası kifayət qədər riskli ola, Ankaranın Qərb dövlətləri ilə
münasibətlərini soyuda bilər. Türkiyənin Qərb dövlətləri ilə
münasibətləri soyusa, kürd dövlətinin yaradılması reallaşa bilər.
Ermənistan bildirir ki, Türkiyə həm Gömrük Birliyinə, həm də Avrasiya
İqtisadi Birliyinə qəbul olunmaq üçün Ermənistanın razılığına ehtiyac
duyacaq. İrəvanda düşünürlər ki, konsensusdan istifadə edib, Türkiyənin
qarşısına ağır şərtlər qoya bilərlər. Söhbət sərhədlərin açılması,
Ermənistanla diplomatik münasibətlərin yaradılmasından gedir və bədnam
milliyyətçi dairələr eyni zamanda Türkiyədən ”soyqırımın” tanınmasının
tələb edilməsini istəyir. Türkiyənin Avrasiya Birliyinə qoşulmasından
sonra çox ziddiyyətli bir vəziyyətin yaranması müzakirə mövzusudur”.
*****
Lakin sərhədlərin açılması bu gün daha çox Ermənistana lazımdır. Ən
azından, “Azərbaycana silah satan vəfasız” Rusiyadan əzici və təhqiramiz
asılılığı azaltmaq zərurəti bunu diktə edir. Türkiyənin Avrasiya
Birliyi ilə bağlı hədəflərinə gəlincə, Ankara bu hədəflərlə bağlı
Azərbaycanın maraqlarını da mütləq ciddiyə alacaq. Ötən saylarımızda da
vurğuladığımız kimi, Bakı ilə anlaşma olmadan qardaş ölkə belə taleyüklü
addımlara qərar verməz. Bu, istisnadır. Yəni Ermənistan enində-sonunda
yenə Azərbaycan faktoru ilə üzləşməli olacaq.
Beləcə, üç paytaxt (Ankara, Moskva, Bakı) arasında sıxılan İrəvan öz
oyununu oynamağa çalışsa da, manevr imkanlarının məhdudluğundan yenə
həmin paytaxtların verəcəyi ortaq qərarlardan asılı durumda qalmaqdadır.
Bu isə o deməkdir ki, işğalçı ölkənin taleyi həm də Bakıda həll olunur.