Bakı çayxanalarını bürüyən duman: Qızlar qəlyan çəkmək üçün dərsdən qaçır...
Posted on : qafqaz 10/16/2017 1:00:32 PM
Əsasən binaların zirzəmilərində, yarıqaranlıq otaqlarda yerləşən qəlyan salonlarının daimi müştəriləri isə yaşı 15-18 aralığında olan yeniyetmələrdir.
Bu ilin mayından Azərbaycanda bütün
ictimai yerlərdə, o cümlədən, kafe və restoranlarda tütün məmulatlarından
(siqaretdən), sulu qəlyandan və elektron siqaretlərdən istifadə qadağan olunub.
Amma qanunun qəbulundan iki aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də əksər
kafe və çay evlərində qəlyan ən vacib atributdur.
Əsasən binaların zirzəmilərində,
yarıqaranlıq otaqlarda yerləşən qəlyan salonlarının daimi müştəriləri isə yaşı
15-18 aralığında olan yeniyetmələrdir.
Ən pisi də odur ki, evdən xəlvət qəlyan
çəkməyə çay evlərinə üz tutan yeniyetmələr təkcə oğlanlar deyil, onlar arasında
həmyaşıdlarına qoşulub məktəbdən qaçan qızlar da var. Bunu çay evlərinin
administratorları da təsdiqləyirlər.
“Şəkil çəkdirib “Facebook”a qoymaq
üçün qəlyan çəkirlər”
Reportaj hazırlamaq üçün üz
tutduğumuz qəlyan təklif olunan çay evlərinin əksəriyyətində qapalı yerlərdə qəlyanın
qadağan olunmasından xəbərsiz idilər.
Əksər çay evləri və kafelərdə qəlyanın
əsas müştəriləri azyaşlılar olsa da, rəhbərlik bunu inkar edir. Qəlyançı Tural
deyir ki, çay evinə şəxsiyyət vəsiqəsini göstərmədən girmək mümkün deyil:
“Düzdür, gələnlərin çoxu gənclərdir, hətta azyaşlılardır. Amma biz 18 yaşdan
aşağı uşaqları içəri buraxmırıq, mütləq şəxsiyyət vəsiqəsi istəyirik. Çoxu da
heç qəlyanı başa düşmür, gəlir ki, qəlyanla şəkil çəkdirib “Facebook”a,
“Instagram”a qoysun, lovğalansın”, - deyə qəlyançı deyir.
“Qəlyan çəkdiyi yerdə təzyiqi düşdü,
huşunu itirdi…”
Qəlyançı deyir ki, son bir neçə il ərzində
qadınlar arasında qəlyana çox maraq yaranıb: “Son 3-4 ildə qadınlar arasında qəlyana
həddindən çox maraq yaranıb. Xüsusən də məktəb yaşlı qızlar dərsdən qaçaraq qəlyan
salonlarına gəlirlər. Bəzi salonlar azyaşlıları buraxmasa da, onlara şərait
yaradan da tapılır. Bizə tələbə qızlar dəstə ilə gəlib qəlyan çəkirlər. Hətta
olub ki, bir dəfə bir qız qəlyan çəkəndə huşunu itirdi. Təcili yardım çağırdıq,
məlum oldu ki, qəlyandan təzyiqi düşübmüşâ€¦”.
Sosioloq: "Qəlyana bu qədər
maraq meşşanlığın əlamətidir"
Sosioloqlar da qəlyanın yeniyetmələr
və gənclər arasında bu qədər populyarlaşmasını mənfi hal sayırlar. Sosioloq Əhməd
Qəşəmoğlunun virtualaz.org-a bildirdiyinə görə, qəlyanın bu qədər yayılması cəmiyyətdə
meşşan həyat tərzinin yaranmasının əlamətidir: “Yaşlılardan soruşsanız, görərsiniz
ki, sovet dövründə belə əyləncələrin yayılmasına imkan verilmirdi. Çünki bu
şeylər insanlarda ciddi həyat tərzindən kənarlaşmaq idi. Burada meşşan, yüngül
həyat tərzi təbliğ olunur. Normal işi olan adam, elmlə məşğul olan tələbə və ya
yaradıcılıqla məğul olan biri heç vaxt gedib qəlyan salonlarında vaxt keçirməz.
Hazırda cəmiyyətimizin əsas problemi maddi dəyərlərlərin mənəvi dəyərləri
sıxışdırmasıdır. Bu hal cəmiyyətdə gərginlik yaradır. Bu həyat tərzi də cəmiyyətdə
maddiyyata meyilliyi çoxaldır. Bu, cəmiyyətdə kriminal, arzuolunmaz halları,
zorakılığı artırır”, - deyə sosioloq bildirir.
Qəlyan xərçəng yaradır
Mütəxəssislər bildirirlər ki,
narahatedici məqam həm də 1 qəlyanın 50 siqaretə bərabər olması ilə bağlıdır. Hətta
bəzi gənclərin qəlyanın tərkibinə narkotik vasitələr qatmaqla istifadə etdikləri
də məlumdur. Onlar bu həvəsin təhlükəli xəstəliklərə şərait yaratdığından xəbərsizdirlər.
Qəlyan çəkənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr
suda qalır. Əslində isə nikotin su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə
olunur. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən
zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. İnsan orqanizmində
düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman yaranan
baş gicəllənməsi və ürək bulantısı da bundan irəli gəlir.