Azərbaycan İslam Partiyası Qüdsdə baş verənlərlə bağlı bəyanat verib
Posted on : qafqaz 10/16/2017 1:00:29 PM
Müsəlmanların müqəddəs məkanının bağlanması ilə əlaqədar AİP etiraz bəyanatı yayıb.
Bəyanatda
İsrail hakimiyyətinin hərəkətləri beynəlxalq qanunlara və insan haqlarına həqarət
hesab edilir:
“İsrail
rejiminin son addımı Qüdsün işğalını davam etdirməklə, həm də fələstinlilərin
bu müqəddəs torpaqda yerləşən və son ümidgahları sayılan Əl-Əqsa məscidində
ibadət etməyin qarşısını zorla almaqdan ibarətdir.
Bu, işğalçı
sionist rejimin heç bir beynəlxalq qanuna məhəl qoymaması, adi insan haqlarının
vəhşiliklə pozulması, BMT-nin və başqa beynəlxalq təşkilatların qəbul etdikləri
qərar-qətnamələrin qulaqardına vurulması deməkdir.
Dünən qəsbkar
rejimin müsəlman qanına susayan əsgərləri müsəlmanların Məscidul-Əksada namaz
qılmaq cəhdlərini silahla qarşılamışdır. İbadət əhli məscidin qapısında namaz
qılarkən zalım rejimin güclü təzyiqinə tuş gəlmişdir. Qarşıdurma zamanı bir neçə
fələstinli öldürülmüş, çoxsaylı insan yaralanmış, ağır xəsarət alanlar vardır.
Artıq bütün
dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə məlumdur ki, İsrail qondarma dövləti
qədim Fələstin torpaqlarında yaradılmışdır. 1967-ci ildəki 6 günlük müharibədən
sonra isə İsrail zəbt etdiyi torpaqlarla kifayətlənməyərək üç dinin - İslam,
Xristianlıq və Musəviliyin müqəddəs məkanı Qüdsün işğalını həyata keçirmişdir.
ABŞ-ın himayə etdiyi bu qəsbkar rejimin bütün cinayətləri cəzasız qalmışdır.
Ayrı-ayrı beynəlxalq təşkilatlarda, problemin ədalətli həllinə çalışan ölkələrin
səyləri ilə keçirilən müzakirələrdə işğalçı sionist rejim heç zaman konstruktiv
və ədalətli mövqe tutmamaqla fələstinlilərə təzyiqi daha da artırmışdır.
Eləcə iyul
ayının 20-də BMT-nin Fələstin Problemi üzrə Komitəsinin, İslam Əməkdaşlıq Təşkilatının
( İƏT) və rəsmi Bakının təşkilatçılığı ilə Qüds problemi ilə bağlı keçirilən
sayca dördüncü Beynəlxalq Konfransında İsrailin işğalçılığı dilə gətirilməsi ilə
Qüdsdə fələstinlilərin ibadət zamanı atəşə tutulması eyni vaxta və bəlkə də
eyni saata təsadüf etmişdir. Halbuki Azərbaycanda, onun ayrı-ayrı bölgələrində
yəhudi milliyyətindən olan insanlar azad ibadətlə məşğul ola, asudə və hər cür
təhlükəsiz həyat sürməyə davam edirlər.
Bakı
konfransında və ümumən Qüds problemindən bəhs edən bütün müzakirələrdə dilə gətirilən
mühüm fikirlərdən biri, həm də çox mühüm olanı ondan ibarətdir ki, dünyada,
xüsusən də müsəlman dünyasında aparılan işğalçılıq siyasətinə son qoyulması, qəsb
olunmuş müsəlman ölkələrinin torpaqlarının, Azərbaycanımızın Qarabağ torpaqları
da daxil olmaqla azad edilməsi Qüdsün azadlığından sonra mümkündür. Belə olan təqdirdə
bəzi müsəlman ölkələrinin bu münaqişələrin ədalətli həllində laqeyd mövqeyi
başadüşülən deyildir.
Görünən isə
odur ki, müsəlman ölkələrində bəzi sülalələr üçün hakimiyyətdən daha vacib heç
nə yoxdur ki, bunu da onlara dünyanın qeyri-müsəlman lider ölkələri və
sionizmin özü vəd edir. Biz isə bir daha bəyan edirik ki, Qüdsün azadlığı müsəlman
dünyasının azadlığını və gələcək taleyini təmin və müəyyən edən mühüm şərtdir.
Bütün sağlam qüvvələr bu müqəddəs məkanın, Fələstin torpaqlarının işğaldan azad
olunması uğrunda birləşməli və barışmaz savaş aparmalıdırlar."/ İslaminSesi