Bədənin orucundan çətin olan – ruhun orucu
Posted on : Əqidələr 10/16/2017 1:00:28 PM
Bədənin orucundan çətin olan – ruhun orucu
Oruc - elə bir əməldir ki, bütün İlahi dinlərdə vacib
sayılmışdır. Belə ki, Tövrat və İncil kitabında da orucun vacib edilməsinə aid
ayələr vardır. Həzrət Musa (ə) 40 gün oruc tutur. İncildə oxuyuruq ki, Həzrət
İsa (ə) da 40 gün oruc tutur.
Orucun insana fərdi, ictimai və müalicəvi təsiri vardır. Həzrət
Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, buyurub: "Oruc tutun ki,
sağlam olasınız”.
Oruc insan ruhunu paklaşdırdığı kimi, insan bədənini də il ərzində
topladığı zəhərli maddələrdən, zərərli yığıntılardan təmizləyər.
İmam Əli (ə) buyurur: "Günahı (tərk etmək) düşüncəsi
(üçün) ürəyin orucu mədə orucundan daha yaxşıdır”.
Bu hədis iki növ oruca işarə edir: 1. Canın orucu. 2. Cismin
orucu.
Bədən orucu tutmaq hər bir imanlı insan üçün çox asan bir
işdir. İnsan yemədən və içmədən bir müddət səbir edə bilər. Lakin ən fəzilətli
oruc - canın, yəni ruhun orucudur. Bu oruc - çox çətin bir orucdur və insan gün
ərzində hər bir bədən üzvünü kontrol etməli və günahdan saxlamalıdır. Nəticədə
insanın ürəyi oruc tutar ki, oruc tutmağın ən ali mərhələsidir. İnsanın qulağı
orucdur, gözü orucdur, dili orucdur, beyni orucdur, nəfsi orucdur, ürəyi
orucdur.
İmam Əli (ə) başqa yerdə buyurur: "Canın orucu - beş
hiss orqanının günahın qalmış hissəsinə görə özünü saxlaması, ürəyin bütün
çirkinlikdən xəlvət və rahat qalmasıdır”. Əgər insan can orucu tutsa beş hiss
orqanı daima nəzarətdə olar ki, günaha tərəf getməsin.
İmam Əli (ə) buyurur: "Dünya xoşluqlarına görə canın
orucu - ən faydalı orucdur”.
Oruc - dinin sütunlarından biridir ki, insanı həm ruhi və həm
də cismi müalicə edər. Bu gün tibb bu qənaətə gəlib çatmışdır ki, bir çox
sağalmaz xəstəlikləri məhz orucun yardımı ilə müalicə etmək olar.
Əziz İmam Əli (ə) başqa yrdə buyurur: "Allah orucu
vacib buyurmuşdur ki, bəndələrinin ixlasını imtahana çəksin”. Orucun başqa bir
vəzifəsi - insan nəfsini islah etməkdir. İnsan oruc tutaraq itaətkar olar, təvazökar
olar. Təkəbbürü və lovğalığı kənara qoyar. Nə qədər zəif və zəlil olduğunu
anlayar.
Beləliklə deyə bilərik ki, orucun fəlsəfəsi - ruh və canı
müalicə etmək, iradə və imanı gücləndirmək, nəfsi tərbiyə etmək və təkəbbürdən
uzaq olmaqdır.